44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Murad Məmmədovdur.
Məmmədli Murad Teymurşah oğlu 27.01.1996-cı ildə anadan olub. Vətən müharibəsi başlayan ilk günlərdən könüllü olaraq ön cəbhəyə yollanmışdır.
O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Bir neçə dəfə ailəsi ilə əlaqə saxlasa da noyabr ayının əvvəllərindən əlaqə kəsilir.
Və ailəsi narahatlıq içində axtarışlara başlayır. 40 gündən artıq çəkən axtarışların sonunda, dekabr ayının 5-də Muradın şəhadət xəbəri gəlir. Məlum olur ki, 21.10.2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədli Murad ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.