2021/05/tacir-1620572521.jpg

line
Adı: Əhmədov
Soyadı: Tacir
Ata adı: Mehdi
Doğum tarixi: 20.04.2001
Şəhid olub: 20.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Tacir Mehdi oğlu Əhmədov 2001-ci il aprelin 20-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tacir Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Tacir Əhmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tacir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Atası Mehdi Əhmədovun sözlərinə görə, Tacir uşaqlıqdan zəhmətkeş, mədəni və böyük-kiçik yeri gözləyən olub: "Özü könüllü döyüşlərə qatılıb. Müharibə dövründə cəmi 3 dəfə telefon danışığımız olub. Atəşkəsdən sonra çox yerə müraciət etdik, axtardıq. Sonda bizə deyildi ki, övladınızın nəşi tapılıb. Oğlumu əlindəki xaldan tanıya bildim. Onunla bağlı çox arzularım var idi. Sevinirəm ki, Tacir kimi oğulların sayəsində torpaqlarımız azad olundu, bu qara ləkə xalqımızın üstündən götürüldü".

M.Əhmədov şəhid ailəsi kimi onlara göstərilən münasibətdən, diqqət və qayğıdan razıdır: "Sağolsun dövlət şəhid ailələrini daima diqqətdə saxlayır. "YAŞAT" Fondu, Heydər Əliyev Fondu və digər qurumlar həm maddi, həm də mənəvi dəstəyini əsirgəmir. Bunun sayəsində evimizi təmir etdik. Söz veriblər ki, evin içərisini də əşyalarla təmin edəcəklər".

Anası Həlimə Əhmədova isə deyir ki, oğlunun itkin düşməsi ilk anlardan ona agah olub: "Başım ağrıyırdı, dərman içib yatmışdım. Qəfildən yuxudan ayıldım və evdəkilərə dedim ki, Tacir itkin düşüb. Oğlum şəhid olub. İnanın, həmişə arzu edirdim ki, əl-ayağı olmasın, lap şəhid olsun, amma mənfur düşmənə əsir düşməsin. Şəhid olanda bir ana kimi oğlumla fəxr etdim. Yuxularıma az-az gəlir. Sizin vasitənizlə Taciri tanıyan döyüş yoldaşlarına, dostlarına müraciət edirəm ki, oğlumdan nəsə nişanə qalıbsa bizə təqdim etsinlər. Oğlumun cəmi 3-4 ədəd fotosu var. Onu da yaralı döyüş yoldaşı göndərib. Oğlum polkovnik Tehran Mənsimovun komandanlığı altında yağı düşmənə qan uddurub".
Qardaşı Malik Əhmədovun sözlərinə görə, sonuncu dəfə Tacirlə oktyabrın 27-də telefonla danışıb: "İşdə idim, bir də gördüm ki, mənə qardaşımdan 25 dəfə zəng gəlib. Zəng elədim, danışdıq, hal-əhval tutduq, mənə dedi ki, torpaqlarımızı azad edə-edə irəliləyirik. Soruşdum ki, indi hansı tərəfdəsən, cavab vermədi. Bircə dedi ki, anamı qoru, de ki, narahat olmasın, o mənim qəlbimdədir. Birdən telefon əlaqəsi kəsildi. Nə qədər zəng etdim telefonu açmadı və sonra zəng çatmadı. Müharibədən 35 gün sonra nəhayət onun şəhidlik xəbəri gəldi. Mən özüm 2016-cı il Aprel döyüşlərində iştirak etmişəm. Təəssüf edirəm ki, mən yox Tacirim şəhid oldu. O, mənim Vətən yolunda qoyduğum yarımçıq işi layiqincə sona çatdırdı".