Şamil Bababəy 1994-ci il yanvarın 4-də Ordubad rayonunun Cənnəb kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra 3 il Ordubad rayonu, Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb.
Şamil 2012-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 4 il burada oxuduqdan sonra leytenant rütbəsinə layiq görülüb. Bir il təcrübə keçərək biliklərini təkmilləşdirib. Özünün tərbiyəsi və nizam-intizamı ilə çox keçmədən baş leytenant rütbəsinə layiq görülüb.
Şamil Bababəy N saylı Hərbi hissədə tankçı vəzifəsində xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il yanvarın 1-də Mingəçevir hərbi hissəsinə bölük komandiri təyin olunub.
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Leytenantı olan Şamil Bababəy Ağdərə uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 7-si düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. İkinci Fəxri Xiyabanda dəfn edilib.
Vətənə əmanət 3 yaşlı Ayan adlı qızı qalıb.
Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalına layiq görülən Bababəy şəhadətindən sonra "Suqovuşanın azad olunmasına görə" medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.