Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Qara Nəsirovdur.
Qara Eldəniz oğlu Nəsirov 5 yanvar 1999-cu ildə Beyləqan rayonunda dünyaya göz açıb.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitəndə mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Qara Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavənd döyüşlərində vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edib.
Azərbaycanın Xocavənd və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Qara Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edib.