Orxan Vidadi oğlu Balayev 1998-ci ildə Qubanın Alpan kəndində dünyaya göz açıb. İki bacının tək qardaşı yeniyetmə yaşlarından hərbçi olmağı arzulayırdı. 2018-ci ildə əsgərliyini bitirdikdən sonra Orxan üç aylıq gizirlik kursunu uğurla keçərək, Vətənə xidmətini davam etdirib.
Orxan Vətən Müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində düşmənə qarşı vuruşub. Suqovuşan uğrunda döyüşlərdə iştirak edən Orxan sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb. Bir müddət itkin düşmüş sayılıb. Sonradan şəhidlik zirvəsinə ucaldığı məlum olan qəhrəman döyüşçü doğma kəndində dəfn edilib.
“Əsgərlikdən qabaq da hərbi məktəblərə qəbul olunmaq istəyirdi. Alınmadı. Amma xidmətini başa vurub gələndən sonra hərbçi olmaq niyyətini bildirdi. Gizirlik kurslarını bitirib, xidmət etdiyi hərbi hissədə qaldı. Vətən Müharibəsi başlayanda döyüşlərə qatıldı. Talış və Suqovuşanın azad olunması uğrunda qəhrəmancasına döyüşdü. Oktyabrın 6-da zəng vurdu, danışdıq. Dedi ki, “telefonuma zəng çatmasa narahat olmayın” . Ondan sonra on gün zəng gəlmədi. Narahat olub, maraqlanmağa başladım. Oktyabrın 15-dən Orxanı itkin düşmüş kimi qeydiyyata aldılar. Sonradan bildirdilər ki, oktyabrın 8-də döyüşlər zamanı şəhid olub. Noyabrın 30-da oğlumu kənd qəbiristanlığında dəfn etdik”,- şəhidin atası Vidadi Balayev deyib.
Həmlə qruplarında snayperçi kimi yer alan qəhrəman döyüşçü düşmən tanklarının ələ keçirilməsində də fəal iştirak edib. O, döyüş bölgəsində çəkiliş aparan müxbirə qənimət kimi ələ keçirilən düşmən tankının üstündə müsahibə verərək, tezliklə qələbə qazanacağımızı bildirirdi.
“Sonuncu dəfə danışanda dedi ki, “ana, narahat olma. Hər şey yaxşıdır. Torpaqlarımızı düşməndən azad edib, qayıdacağıq. Ölməyə yox, düşməni öldürməyə gedirik”. İki bacının tək qardaşı, evimin işığı idi. Elə indi də yolunu gözləyirəm", - deyə şəhidin anası Məlahət Balayeva söyləyib.
Şəhid Orxan Balayev Alpan kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.