İsmayıl 24 mart 1993-ci ildə Naxçıvan şəhərində anadan olub. Müharibə zamanı Tank taqımının komandiri kimi hərbi xidmətini yerinə yetirib. Laçın rayonu istiqamətində döyüş yolu keçib.
O, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə tankıyla birlikdə şücaətlə xidmət edib. İsmayıl Vəliyevin xüsusən Zəngilanın işğalından azad edilməsində önəmli xidmətləri olmuşdur. Döyüşlərin birində Vəliyevin tankı vurulub özü isə yüngül yaralansa da sağalmağı gözləmədən 3 nəfər komanda heyətilə birgə, başqa tankla Laçın istiqamətində gedən döyüşlərə qatılıb. Ancaq noyabrın 5-də baş leytenant Vəliyevin tankı Şuşa istiqamətində gedən döyüşlərdə yenidən vurulub. Raket birbaşa tankın üzərinə düşdüyü üçün qəhrəman hərbçimiz tank heyəti ilə birgə Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayıl Vəliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə" , "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
memorial.az