Azərbaycan Silahlı Qüvvələrinin giziri Yusif Sabir oğlu Yusifbəyli 1993-cü ilin 22 avqustunda Yevlax rayonunda doğulub. O, 2016-cı ildən MAXE olaraq ordu sıralarında xidmətə başlayıb. Yusif hərbi təhsilini artıraraq 44 günlük Vətən müharibəsinə gizir olaraq qoşulub.Ordumuzun giziri Tərtər-Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
44 günlük Vətən müharibəsinin ilk günündə hücuma keçən düşmən ordusunun 4 tankını, 2 şəxsi heyətlə dolu Ural avtomobilini hərbçi yoldaşları ilə birgə darmadağın edib. Talış və Suqovuşan istiqamətlərində əhəmiyyətli mövqeləri ələ keçirərək qazanılan qələbəmizdə pay sahibi olub. Doğmaları onunla şəhid olmazdan bir gün əvvəl danışa biliblər. Atasına Kəlbəcərə getmək arzusunu bildirib.
28 sentyabrda Suqovuşan və Talış istiqamətlərində şəhadətə yüksələn Yusif Yusifbəyli " Vətən uğrunda" və "Suqovuşanın azad edilməsinə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Qeyd edək ki, şəhidin 3 yaşlı Nuray adlı qız övladı yadigar qalıb.