2021/06/Scree-1622705028.jpg

line
Adı: Musazadə
Soyadı: Azər
Ata adı: Çingiz
Doğum tarixi: 25.06.1998
Şəhid olub: 13.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Azər Musazadə 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 29 sentyabr 2020-ci ildən könüllü olaraq hərbi xidmətini davam etdirmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Azər Musazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azər Musazadə 13 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Qəbələ rayonunun Şəfili kəndində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Musazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Musazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Ağdərə istiqamətində qəhrəmancasına şəhid olan 22 yaşlı Azər Musazadəni tanıyaq. 

"Oğlum Azər 22 yaşlı, ali təhsilli idi. İlk olaraq Tərtərə çağırıldı, daha sonra isə Azərlə birgə daha 27 oğlumuz könüllü şəkildə ön cəbhəyə yollandılar. Döyüşdə altı post aldılar. Daha sonra onlar ermənilərlə üz-üzə gələrək əlbəyaxa döyüşə giriblər. Növbəti postu almağa gedən zaman yanlarına mərmi düşüb. Mərminin qəlpəsi oğluma arxa tərəfdən dəyib. Azər aldığı mərmi qəlpəsindən şəhid oldu. Oktyabrın 13-ü şəhid olsa da nəşi uzun müddət sonra tapıldı. Oğlumun nəşi neytralda qalmışdı".


Bu sözləri News24.az-a əslən Qəbələdən olan 22 yaşlı şəhidimiz Azər Musazadənin atası Çingiz Adilov deyib. O, oğlundan qürurla bəhs edərək "Vətən sağ olsun" deyir: "Azər hələ orta məktəbdə oxuyan zaman onu ayağından ilan sancmışdı, ona görə də tez-tez ayağı ağrayırdı. Elə döyüş zamanı da qəfildən oğlumun ayağında problem yarandı. Döyüş yoldaşları ona getməməsini desələr də o, "Məni ilan öldürmədi, erməni kimdir ki, öldürsün" söyləyərək döyüşə qatılıb. Müharibəyə gedəndə dedi ki, məndən narahat olmayın, qələbə çalıb qayıdacağıq".



Şəhid oğlundan göz yaşları ilə danışan ata oğlunun çox mehriban olduğunu deyib: "Azər çox sakit və mülayım uşaq olub. Ailəmizdə üç uşağımız olub. Azər getdi geridə iki övladım qaldı. Gedəndə demişdi ki, Qarabağı alıb üçrəngli bayrağımızla geri qayıdacağam. Elə oğlum bayrağa bürünüb qayıtdı. Oktyabrın 11-nə qədər tez-tez telefonla əlaqə saxlayırdıq, amma 15-dən sonra oğlumdan heç bir xəbər gəlmədi. Bir neçə gün sonra Səfərbərlik Xidmətinə, Müdafiə Nazirliyinə müraciət etdik. Dedilər ki, oğlunuz döyüşdədir, olduğu yerdə dalğa yoxdur, ona görə əlaqə saxlaya bilmirsiniz. Müharibə bitəndən sonra yenə də axtarışlara başladıq, dedilər ki, itkin düşüb. Uzun müddət sonra vətən uğrunda şəhid olduğu xəbəri gəldi. Çox ümid edirdim ki, oğlum sağdır, amma olmadı. (ağlayır) Çox şükür ki, əsir düşmədi. Azər şəhidlik zirvəsinə ucaldı. Hələ də tapılmayan oğullarımıza görə çox pis oluram".



memorial.az