Kənan Abdullayev 1990-cı il dekabrın 3-də Mingəçevir şəhərində anadan olub. Ailənin ikinci övladı olan Kənan Mingəçevir şəhər 16 nömrəli orta məktəbdə təhsil alıb. Müəllimləri Kənanı vətənpərvər və örnək şagird kimi yüksək qiymətləndirirdilər.
“Kənan yaşıdları arasında seçilirdi” - atası Mübariz Abdullayev belə deyir. Bir ata üçün övladını itirmək nə qədər ağır olsa da, yenə də oğlunun ömür yolu haqqında məğrur və başıuca danışır. Kənanın 2011-ci ildə Mingəçevir Politexnik İnstitutunun (indiki Mingəçevir Dövlət Universiteti) İqtisadiyyat fakültəsinə qəbul olduğunu qeyd edən şəhid atası övladının tələbəlik illərini belə xatırlayır: “Kənan tələbə həyatına çox həyəcanla başlamışdı. Orta məktəbdə dərslərinə necə yüksək səviyyədə hazırlaşırdısa, elə də universitetdə təhsilini davam etdirirdi. Çox fərqli insan idi. Özünə qarşı çox tələbkar və məsuliyyətli idi. Valideyn olaraq, əsla ondan şikayət eşitmədik, əksinə müəllimləri hər zaman Kənanı tərifləyir, nümunəvi olduğunu deyirdilər. Kənan hələ uşaq yaşlarından öz vəzifələrini yaxşı bilir və dərk edirdi. Hər zaman üzümüzü ağ elədi”.
2015-ci ildə ali təhsilini bitirdikdən sonra Kənan hərbi xidmətə yollanıb. Uşaqlıqdan vətəninə bağlı olan Kənan əsgərlik dövründə də şəxsi keyfiyyətlərinə və qabiliyyətlərinə görə seçilib. Bütün tapşırıqları, normativləri vaxtında və düzgün qaydada yerinə yetirərək hərbi xidmətini yüksək səviyyədə başa vurub. Əsgərlik müddəti başa çatsa da, o, könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə daxil olub. Leytenant rütbəsində 2 il vətənə xidmət etdikdən sonra Kənan təhsil aldığı ixtisası üzrə karyerasını davam etdirməyə qərar verib.
Azadə ana övladı Kənan haqqında qürurla danışırdı, səsinin titrəyişindən oğluna olan sonsuz sevgisi və həsrəti hiss olunurdu. Hər zaman Kənandan yaxşı xəbərlər eşitməyə alışdıqlarını bildirən ana övladının bankların birində öz ixtisasına uyğun işə düzəlməsi xəbərindən çox sevindiklərini deyir. Azadə ana oğlunun həmyaşıdları arasında həssaslığı ilə hər zaman seçildiyini, yaşlı insanların və uşaqların arasında özünəməxsus hörmət sahibi olduğunu qeyd edir: “Kənan balaca uşaqlara da ağsaqqallara yanaşdığı hörmətlə yanaşırdı. Böyüklə böyük, kiçiklə kiçik olurdu, ürəyi böyük idi şəhid balamın. Kənan səliqə-sahmanı çox sevirdi. Hər şeyə maraq göstərirdi və ürəyincə olmayan işlərə qane olmazdı. Oturduğumuz evin layihəsini belə özü hazırlamışdı. Çox tələsirdi ki, ev tikilib qurtarsın, tam hazır olsun. Amma görmək, içində oturmaq ona qismət olmadı”.
Tovuzda baş verən iyul döyüşlərindən təsirlənən leytenant Kənan Abdullayev könüllü olaraq ordu sıralarına yazılıb. 2020-ci ilin sentyabr ayının 30-dan etibarən isə Vətən müharibəsi döyüşlərində iştirak edirdi. Anasının ürəyi intizarda qalmasın deyə, Kənan yaxınlarından heç kimə döyüş bölgəsində olduğunu deməyib. Valideynləri ilə hər dəfə telefonla danışanda “Narahat olmayın, yerim yaxşıdır, hər şey yaxşı olacaq” demişdi.
Kənanın komandirlik etdiyi əsgərlərdən biri, beşinci taborda onunla çiyin-çiyinə döyüşən Mohuma Eminov leytenantı belə xatırlayır: “Kənan bizim taborun sarvanı idi. Bütün tabora xüsusi həssaslıqla yanaşırdı. Gecə-gündüz onu yatan görmədim, həmişə oyaq olurdu. Daim döyüş planı haqqında düşünürdü, sonra bizi ətrafına toplayıb hücum taktikasını izah edirdi. Hər birimizə ürək-dirək verirdi. Bir neçə dəfə ağır döyüşlərə girdik. Leytenant Abdullayev hər zaman əsgərlərinin sağlamlığına görə təlaşlı görünürdü və sıxıntılar çəkirdi. Bir gün ərzaq və su gətirmək üçün bir neçə əsgərlə bərabər dağdan enməli olduq. Bu zaman Kənanla söhbət etməyə imkanım oldu. Səsindən narahatlığını hiss edirdim. Komandirin üzündəki təlaşın səbəbini soruşdum. O isə, cavabında “sizin hər birinizin canının sağlamlığından mən məsuliyyət daşıyıram” dedi. Əməliyyatlar zamanı yaralanan əsgərimizi necə neytral zonadan çıxardığını, ona necə tibbi yardım göstərdiyini görəndə başa düşdüm ki, komandirimiz biz əsgərləri qorumaq üçün canından belə keçməyə hazır idi. Deyirdi ki, siz mənim kiçik qardaşlarımsınız. Elə də qorudu bizi. Kənan ölümün üstünə yürüdü, qardaşlarını, vətənini, torpağını mübarək qanı ilə qorudu”.
M.Eminov Kənanın şəhid xəbərini eşidəndə bütün taborun kədərə qərq olduğunu deyir: “Kənanın şəhid olduğu günü heç zaman unutmayacağam. Çünki Kənan, sözün əsl mənasında, bizim taborun sarvanı idi. O bizi hər an, hər dəqiqə qoruyur, döyüşə ruhlandırırdı. Döyüş yoldaşlarına “Qələbədən sonra hamımız görüşüb, mütləq bu torpaqlara istirahət etməyə gələrik” deyirdi. Amma qismət olmadı. Lakin, şəhidlər ölmür. Onlar ən ali zirvədədirlər. Mən hiss edirəm ki, komandirim elə o torpaqlardadır”.
Azərbaycan Ordusunun leytenantı, 29 yaşlı Kənan Abdullayev oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman zabitimiz 17 oktyabrda Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn edilib. Azadə ana oğlunun şəhid xəbərini belə xatılayır: “Oğlum döyüşlərdə olduğunu məndən necə gizlədirdisə, eləcə də onun ölüm xəbərini gizlətdilər. Həyətə yığışan insanlardan soruşurdum nə olub? Niyə yığışmısınız? Heç kim dinmirdi. Ağlıma belə gətirmirdim ki, Kənan bizi qoyub gedər. Tabutu qapıdan içəri girən günü mən də Kənanla bərabər öldüm”.
Əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən K.Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.