Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2010-cu ildə leytenant hərbi rütbəsi alan C.Cavadov 10 illik zabit peşəsinin ilk 6 ilini könüllü olaraq Ağdam rayonunda düşmənlə təmas xəttində vətənə xidmət edib. Yuxusuz gecələrini səngərdə vətəni işğalçı qüvvələrdən qorumağa həsr edib.
2016-2020-ci illərdə Bərdə, Qazax, Qaradağ və Qusar rayonlarında müxtəlif hərbi-hissələrdə hərbi xidmətini davam etdirən C.Cavadov kapitan hərbi rübəsinə və motoatıcı tabor komandirinin müavini vəzifəsinədək yüksəlib.
27 sentyabr 2020-ci il - Vətən müharibəsinin başlandığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə 1 ay müddətində qəhrəmancasına döyüşən Kapitan Cavadov Füzulinin azad olunmasında xüsusi riskli əməliyyata könüllü rəhbərlik edərək düşmənin qarşıya çıxan bütün canlı qüvvəsini məhv etməklə komandasının bir gecədə 4 kilometr dərinliyə qədər irəliləməsinə nail olmuşdu.
Füzuli döyüşlərindən dərhal sonra, qadir olduğu döyüş əzminə görə komandanlıq tərəfindən ona tabor komandiri səlahiyyətləri verilib. Cəsur kapitan Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə də daim öndə gedib, şəxsi heyəti arxasınca döyüşlərə cəlb edib.
Döyüş yoldaşları danışır ki, Cəbrayıl rayonu ərazisində düşmən pusqusuna düşdükləri zaman kapitan Cavadov xüsusi döyüş taktikası işlətməklə təkbaşına düşmən üzərinə gedib düşmənin canlı qüvvəsini taborun dəqiq atəş aça biləcəyi mövqeyə çəkib və sonra düşmənin bu dəstəsini məhv ediblər.
Bir aylıq şanlı döyüşdən sonra oktyabrın 27-də Qırmızı bazar uğrunda gedən döyüşlər zamanı Cəlil Cavadov daha bir təhlükəli döyüş əməliyyatında öndə gedir. Xocavənd rayonunun Cütçü kəndi ərazisində yerləşən strateji yüksəkliyin işğaldan azad edilməsi uğrunda başlanılan bu əməliyyatda döyüş tapşırığını sonuna qədər icra edən qəhrəman komandir 14 nəfərlik şəxsi heyətlə birgə döyüşə-döyüşə hədəfdə olan, strateji yüksəklikdə mövqe tutan düşmən səngərinə hücumu zamanı muzdlu terrorçuların da daxil olduğu 70 nəfərdən artıq yaraqlının pusqusuna düşür.
Qeyri-bərabər döyüşdə sinəsini düşmənə sipər etməklə şəxsi heyətini qorumağa çalışan kapitan son nəfəsinədək vətən uğrunda döyüşür. Yaralı halda yenidən qalxaraq düşmən üzərinə qumbaralar ataraq xeyli sayda qüvvəsini məhv etdikdən sonra qəhrəmancasına şəhid olur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Cavadov Cəlil Ağaddin oğlu ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib
memorial.az
memorial.az