2021/05/12934-3241167160.jpg

line
Adı: Rəşad
Soyadı: Nadirov
Ata adı: Nadim
Doğum tarixi: 20.09.1999
Şəhid olub: 29.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rəşad Nadirovdur.

Rəşad Nadim oğlu Nadirov 20 sentyabr 1999-cu ildə Bərdə rayonunda anadan olub. Bərdə rayonu Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Bakı şəhəri Nizami rayonu 61 nömrəli orta məktəbdə davam etdirib. 2016-cı ildə Azərbaycan Universitetinin Sosial İş ixtisası fakültəsinə qəbul olub. 2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb. Ailədə 2 qardaş olublar. Subay idi.

2018-ci ilin aprel ayında qardaşı Elşad ilə birlikdə Bərdə rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində qardaşı ilə birlikdə iştirak edib. Füzuli rayonu uğrunda gedən döyüşlərdə böyük şücaət göstəriblər. 29 oktyabr 2020-ci il tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüş zamanı, yanında partlayan mərmi nəticəsində şəhid olub. Qardaşı isə yaralanıb. Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.