Torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Ruslan İmanquliyevdir.
İmanquliyev Ruslan Natiq oğlu 1996-ci il 14 mart tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Ruslan kiçik yaşında olarkən atası ilə anası ayrılıb. Anası yeganə övladı olan Ruslanı tək başına, atasından heç bir dəstək olmadan böyüdüb. O, 2003-cü ildə Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 1-ci sinifinə başlayıb. 2012-ci ildə həmin məktəbin 9-cu sinifini orta təhsillə bitirib və 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olub və 2015-ci ildə “Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirib.
Ruslan dünyaya gələn gündən şəhid olduğu günə qədər anası Ramiyyə Səfərovayla və ana nənəsi, ana babası ilə bir yerdə yaşayıb. 9 iyun 2020-ci ildə Ruslanın çox sevdiyi Allahverdi babası haqq dünyasına qovuşurbvə bu itkiylə o heç cürə barışa bilməyib.
Ruslangilin ailəsi əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından idi. Ruslan İmanquliyev 17 iyun 2020-ci ildə sevib seçdiyi Elvina xanım ilə ailə qurub. Amma çox təəssüf ki, gənc ailənin səadəti cəmi 3 ay çəkir...
Ruslan İmanquliyev 2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edib. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına qayıtmağa sövq edib. Ruslan İmanquliyev Pirəkəşkül qəsəbəsində N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayıb. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib.
2020-ci il 27 sentyabrda başlamış II Qarabağ müharibəsinin ilk günündən düşmənlə qarşı- qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşub. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirib.
2020-ci il, 2 oktyabrda Füzuli istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşub.Döyüşün qızğın anında Ruslanın silahı itir, ağır artilleriya ilə düşmənə layiqli cavab verir. Onların qüvvələrini azaltdıqdan sonra, hərbi anda sadiq qalaraq silahının arxasınca gedir. Döyüşün şiddətinə baxmayaraq İmanquliyev silahını götürür, amma mənfur düşmənin gülləsi də ondan yayınmır. Ruslan silahı əlində döyüşərək boyun nahiyyəsindən vurulur, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ruslan İmanaquliyev 3 oktyabrda son mənzilə yola salınıb. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edib. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən İmanquliyev Ruslan Natiq oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid anaları qürurlu qəhrəmanları yetişdirən analardır. Ramiyyə xanım oğlu Ruslanı tək böyüdərək vətənpərvər ruhda tərbiyyə edib. Ruslanı gözüyaşlı və fəxrlə xatırlayan Ramiyyə xanım deyir:"Ruslan mənim yeganə övladım idi. Hər zaman Ruslanın qəlbində vətəninə, dövlətinə sevgisi sonsuz idi və o hərb peşəsini seçməyə qərar verdi. Mən ona mane olmağa çalışdım, amma olmadı, qismət belə imiş. Bu evdən son gedişi 27 sentyabr saat 06:00-da oldu. Mənə söz verdi ki, 5 günə gələcəm, necə söz vermişdi 5 günə də gəldi...şəhid olaraq gəldi...Heç unutmuram o günü hazırlaşmışdım Şəhidlər Xiyabanını ziyarətə gedəm. Təsədüfən eyvana çıxanda gördüm həyətə bəlkədə 300-dən çox adam yığışıb. Ana kimi hiss etdim ki, bu adamlar bizlə bağlı yığışıblar. Tez həyətə düşdüm və hamıdan soruşdum ki, bilirəm Ruslanıma nəysə olub, heç kim mənə cavab vermədi. Bu zaman göyə baxdım, Ruslan ordan işıqlar arasından mənə baxdı və gözdən itdi...
Bilirəm balam cənnətdədir, Ruslan mənim cənnətimdir. Çox az yaşadı, cəmi 24 il, amma o qədər özünə böyük hörmət qazandı, onu tanıyanlar, iş yoldaşları hələ Ruslanımdan bir gün belə incimədilər. Mənim üçün o, ölməyib yaşayır və nə vaxtsa gəlməyinə də inanıram..."
İş və döyüş yoldaşı Asif Hüseynov danışır:"Yeganə xanım Vətəni üçün canından, qanından keçən hər əsgərin adı tariximizlə yanaşı qəlbimizədə həkk olundu. Ruslanla 2016-cı ildən tanışıq. Eyni hərbi hissədə işləyirdik. Həm iş yoldaşı, həm də sirdaş idik, mənə çox güvənirdi. Hər gün bir yerdə işə gedib gələrdik, nə sözü, sirri var idi mənlə bölüşürdü, səmimi insan idi, kimə nə söz deyilməli idisə, üzünə deyərdi. Özü haqqında çox şeyləri mənlə bölüşürdü. Mən də ona lazımı məsləhətlərimi verirdim, o da qulaq asıb əməl edirdi. Sevdiyi qıza ilk sevgi etirafını edəndə dost kimi mənimlə bölüşmüşdü. Sevdiyi xanımla ailə qurduğu üçün sevincinin həddi-hüdudu yox idi. Döyüşdə də bir yerdə vuruşduq. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdik. Düşmənlə üz-üzə vuruşurduq, Ruslan şəhidlik zirvəsinə ucaldı. Ruslanı itirməklə Silahlı Qüvvələri qorxmaz, cəsarətli bir hərbçisini, biz gözəl, səmimi dostumuzu itirdik. Məkanı cənnət olsun! "
Döyüş və iş yoldaşı Rauf Abbasov Ruslanı belə xatırlayır:"Yoldaşlığımız çox olub Ruslanla, mərd oğlan idi. Demək olar ki, bütün günümüz bir yerdə keçirdi. Eyni hərbi hissədə çalışdığımıza görə işə də bir yerdə gedib, gələrdik. Ailə qurduğuna görə çox xoşbəxt idi. Vətən müharibəsinə gülə-gülə getmişik. Döyüşdə də bir yerdə vuruşduq.
Ruslan heç zaman gileylənmədi, hər zaman vətənə xidmətindən qürur duydu. O, şəhid olanda biz səngərdə idik, onun ölüm xəbərini eşidib pis olduq, snayperlə atırdılar deyə biz çıxa bilmədik. Şəhid qardaşlarımızı hər zaman hörmət, sevgi, qürur və məğrurluqla anırıq. Allah rəhmət eləsin!"