2021/05/-63ce-6482346772.jpg

line
Adı: Hüseynoğlu
Soyadı: Seymur
Ata adı: Hüseyn
Doğum tarixi: 20.10.1993
Şəhid olub: 26.11.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Azərbaycanın hərb tarixinə Qələbə ili kimi daxil olan, Azərbaycan oğullarının qəhrəmanlıq salnaməsini yaddaşlara əbədi həkk edən 2020-ci il xalqımızın yenilməzliyini, birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bu yolda əsl qəhrəmanlıq nümayiş etdirən, şücaət və igidliyi ilə tarix yazan, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımız azadlıq və yenilməzlik simvoluna çevrildilər, vətənpərvərliyin ən ali məqamına yüksəldilər...

Belə qəhrəmanlarımızdan biri də Vətən torpaqlarının azadlığı uğrunda mərdliklə vuruşaraq şəhadət məqamına yüksələn baş leytenant Seymur Hüseynoğludur. Seymur 20 oktyabr 1993-cü ildə Ordubad rayonunda anadan olub. İlk təhsilə 2000-ci ildə Ordubad şəhər 3 nömrəli orta məktəbdə başlayıb.



“Mən qəhrəman olacağam!”, deyən Seymur 2008-ci ildə Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. 3 il burada oxuduqdan sonra 2011-ci ildə Bakıdakı Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub. 2015-ci ildə buranı da uğurla bitirən Seymur Hüseynoğlu leytenant rütbəsi alıb. Naftalan, Tərtər və Bakı şəhərlərində xidməti vəzifəsini yerinə yetirən igidimiz Aprel döyüşlərinin də iştirakçısı olub, Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid general-mayor Polad Həşimovun rəhbərliyi ilə böyük şücaət göstərib.

2017-ci il 12 avqust tarixində döyüş hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə və nizam-intizamı yüksək səviyyədə saxladığına görə təltif olunan Seymur Hüseynoğlu 2018-ci ildə isə baş leytenant rütbəsinə layiq görülüb. Seymur 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı şəhid olan general-mayorumuz Polad Həşimovun intiqamını almaq arzusu ilə yaşayırdı...



27 sentyabrda başlayan Vətən müharibəsinə digər oğullarımız kimi, Seymur da əsl qəhrəman kimi yollanıb. Ailəsi ilə 27 sentyabrda sağollaşaraq qızğın döyüşlərin başladığı Füzuliyə gedib. Seymur Hüseynoğlu ilə xidmət zamanı çiyin-çiyinə vuruşan zabitimiz baş leytenant Qayıb Əliyev döyüşə getdikləri məqamları belə xatırlayır:

“Sentyabr ayının 27-si Seymurla birlikdə Bakıdan Qarabağa yollanarkən onunla maraqlı söhbətlərimiz oldu. Yolboyu Seymur qətiyyətlə deyirdi ki, müharibə gələcək nəsillərə qalmamalı, övladlarımız sülh və firavanlıq içində yaşamalıdırlar!”.



Füzuli, Hadrut, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək əsl qəhrəmanlıq nümunəsi göstərən, torpaqlarımızın azad olunması uğrunda son nəfəsinə qədər vuruşan igidimizin “Mən istəyirəm hər şey kökündən həll olunsun! Daha uşaqlar atasız qalmasın! Gələcək nəsil rahat yaşasın deyə indi biz varıq! Nə etmək lazımdırsa, edəcəyik, canımı belə fəda etməyə hazıram!” sözləri mərd, igid Azərbaycan oğlunun bütün nəsillərə örnək olacaq qəhrəmanlığının təcəssümü, mərdliklə vuruşan əsgərlərimizin zəfərə gedən yolda inamla səsləndirdikləri qalibiyyət nəğməsi, zəfər səsi idi...

Ailəsi ilə 11 oktyabrda son danışığı zamanı da Seymur eyni inam və cəsarətlə deyir: “Mən hansısa bir qəzada, yaxud ürəyi dayanaraq ölən biri deyiləm, mən döyüşçüyəm, döyüşdə də ölməliyəm!”.



16 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərin birində Seymur Hüseynoğlu ayaq, qarın və baş nahiyəsindən ağır yaralanır. 41 gün komada qalan igidimiz noyabrın 26-sı şəhadətə qovuşur və İkinci Fəxri xiyabanda torpağa tapşırılır.

Hüseynoğlunun cəsur əsgərlərindən biri Rüfət Tağıyev öz komandirini bu sözlərlə yad edir:

“Hüseynoğlu Seymur bizim igid komandirimiz idi. Heç yadımdan çıxmaz, bir gün o, döyüş zamanı bizim səngərə gələrək dedi:

“Mənim dediklərimi etsəniz, burnunuz belə qanamadan evlərinizə sağ-salamat, qəhrəman kimi qayıdacaqsınız”. Mənim şəhid komandirim! Sizin düzgün əmrlərinizlə biz evimizə sağ-salamat qayıdırıq. Siz bizim ürəyimizdə həmişə bir qəhrəman kimi qalacaqsınız!”.



Əsgər Novruzov İslam isə son döyüşlərinə yollanarkən komandirinin onlarla olan söhbətini xatırlayır və onu hörmətlə yad edir:

“Komandirimiz baş leytenant Hüseynoğlu hər gün olduğu kimi, bu səhər də ayağa qalxıb bizə dedi: “Bu, həmin gündür! Qəhrəman olmağın vaxtı çatdı!”. Elə həmin gün uğurlu əməliyyatların birinə rəhbərlik edən komandirimiz döyüş zamanı ağır yaralandı. Allah sizə rəhmət eləsin, cəsur komandirim! Sizi heç vaxt unutmayacağıq!”.

Seymur ailəli idi, 2 yaşlı Hüseyni Vətənə əmanət edib şəhid oldu...

Qəhrəmanımız ölümündən sonra Prezident rərəfindən “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib və göstərdiyi şücaət və qəhrəmanlığı Azərbaycan xalqının qəlbinə əbədi həkk olunub.