Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Çərkəz Vidadi oğlu Teyyubludur.
O, 1996-cı ildə Lerik rayonunun Züvüç kəndində dünyaya göz açıb.3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2003-cü ildə şəhid Bünyadəli Pələngov adına Züvüç kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə orta təhsilini başa vurduqdan sonra valideynləri ilə birgə Bakı şəhərinə köçüb. Həmin ilin yayında Çərkəz Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Murov dağında yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2016-cı ildə xidmətini nöqsansız başa vuraraq ehtiyyata buraxılıb. Ata-anasına kömək etmək üçün bir çox işlərdə çalışıb.
Torpağına, vətəninə böyük sevgisi olan Çərkəz yenidən müddətdən artıq xidmət etmək qərarına gəlib və 2019-cu ildə könüllü olaraq kiçik çavuş rütbəsində hərbi xidmətə yola düşüb. Həmin ildən etibarən Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə top komandiri vəzifəsində xidmət etməyə başlayıb.
2020-ci ilin sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinə kiçik çavuş Çərkəz Teyyublu da torpaqlarımızı erməni vandallarının əsarətindən azad etmək üçün döyüşə qatılıb. Cəbrayıl, Hadrut istiqamətində gedən şiddətli döyüşlərdə yüksək fədakarlıq və şücaət göstərərək düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. Daha sonra Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən və bir neçə kəndlərimizin azad olunmasında böyük qəhrəmanlıq göstərən kiçik çavuş erməni postunu ələ keçirərək, üçrəngli Azərbaycan bayrağını həmin posta sancıb. Çərkəz oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi yaşadığı Qaradağ rayonu Şonqar qəsəbəsinə gətirilib və orada yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş kiçik çavuş Çərkəz Vidadi oğlu Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.