44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Heydər Ağahüseyn oğlu Qənbərzadədi.
Heydər Qənbərzadə 10 oktyabr 1997-ci ildə Lənkəran rayonunun Cil kəndində dünyaya göz açmışdır.
Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq və çavuş rütbəsi alaraq hərbi xidmətinə davam etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Heydər Qənbərzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli və Hadrut döyüşlərində vuruşmuşdur. Heydər Qənbərzadə 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heydər Qənbərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Heydər Qənbərzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Heydər Qənbərzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.