Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Ramin Nurəhmədovdur.
Ramin Maarif oğlu Nurəhmədov 1990-cı il sentyabrın 18-də Qusar rayonunun Nəcəfkənd kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Ramin Nurəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ramin Nurəhmədov noyabrın 2-də Xocavənd rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Nurəhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.