Ürəyi vətənlə, torpaqla döyünən Salehin evdəkilərdən xəbərsiz könüllü olaraq döyüşlərə atılması təsadüfi deyildi. Uşaqlıqdan döyüş filmlərinə baxırdı, hərbçi olmaq istəyirdi. Amma ailəsinin təkidi ilə başqa ixtisası seçməli olmuşdur. İllər keçsə də, görünür hərbiyə olan sevgisi seçdiyi peşəsini üstələdi. General Polad Həşimovun şəhid olması Salehin içindəki arzuları daha da alovlandırdı. Hərbçi ola bilməsə də, əsgər oldu, bu vətənin, bu torpağın əsgəri.
Övladları ilə qürur duyan valideynləri bildirdilər ki, Polad Həşimov Salehə nümunə olduğu kimi, Salehin də başqalarına nümunə olacağına əminik. Çünki bizim böyük təsəllimiz var - onların sayəsində 30 il əsirlikdə qalan Qarabağ işğaldan azad olundu.
Əslən Füzulidən olan şəhidimiz görmədiyi nənə-baba yurdu barədə valideynlərinə tez-tez suallar verirdi, maraqlanırdı. Hətta yarızarafat “özüm sizi oraya aparacam” deyirdi. Bəlkə də torpağa bağlılıqdan idi, Salehin Cəbrayılda başlayan döyüş yolu Füzulidə sona çatdı. Çox qısa olsa da şərəfli oldu. Amma Füzulinin işğaldan azad edilməsinin müjdəsini doğmalarına o, verə bilmədi. Öz xəbəri daha tez çatdı ailəsinə.
Saleh Namiq oğlu Əliyev 1992-ci il avqustun 18-də Sabunçu rayonunun Zabrat qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Saleh Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Saleh Əliyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Saleh Əliyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.