Qaradolaq camaatı əsasən Cənubi Azərbaycanda yaşayırlar. Keçən əsrin 20-30-cu illərində oradan Azərbaycan ərazisinə gəlmişlər. Qaradolaqlar həmişə başlarına qara dolaqbağlayar, eyni zamanda qollarına da qara dolaq bağlayarmışlar. Bu onların başqa tayfalardan seçilməsində əhəmiyyətli rol oynayardı…
Həziyev Hafiz Varoğlu oğlu 1993-cü il oktyabrın 23-də Yeni Qaradolaq kəndində doğulub. 1993-cü ildə kənddəki M. Füzuli adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2010-cu ildə bu məktəbi uğurla başa vurub. 2011-2012-ci illərdə ordu sıralarında hərbi xidmət keçib. Ordudan tərxis olunandan sonra bir müddət doğma kəndlərində yaşayıb və burada işləyib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan zaman Hafiz dərhal, 28 sentyabrda könüllü olaraq ordu sıralarına yazılıb. Sabahı günü, sentyabrın 29-da ön cəbhədə vuruşan ordumuzun sıralarına qoşulan Hafiz oktyabr ayının 6-da Füzuli uğrunda gedən şiddətli döyüş zamanı yaralı əsgər yoldaşını xilas etmək üçün irəli atılıb. Düşmən snayperinin gülləsinə tuş gələn Hafiz torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub. Doğulduğu Yeni Qaradolaq kəndinin qəbristanlığında dəfn olunub.
Murad qardaşı şəhid Hafiz haqqında danışır:"Hafiz ali təhsilli deyildi. Amma olduqca vətənpərvər, qorxmaz, qeyrətli oğlan idi. Məncə vətənpərvər olmaq, doğulduğun torpağı sönməz məhəbbətlə sevmək üçün çox oxumaq da lazım deyil. Deməli,bu hisslər insanla bir gündə dünyaya gəlir. Vətənpərvərlik, torpağa sevgi adamın qanında olur. Mən bunu qardaşım şəhid Hafizin timsalında çox açıq şəkildə gördüm. O, həmişə söhbət edəndə Vətəndən ağızdolusu danışar, gözlərində qığılcım alovlanardı. Hafiz zamanın haqsızlığı, əziz torpaqlarımızın mənfur düşmənin tapdağı altında olmağı ilə barışa bilmirdi. İçəridən yanır, tökülürdü. Elə həmişə köksünü ötürüb, kədərlə bircə o gün gəlsəydi deyərdi. O, gün onun dediyi kimi gəldi. Qardaşım arzusuna yetdi. Vətən yolunda şəhid oldu. Mən onunla bir qardaş kimi fəxr edir, qürurlanıram. Həyatda həmişə ona oxşamağa çalışmışam. Belə də yaşayacağam. Qardaşımın həyatı mənə örnək oldu. 1993-cü ildə Hafiz dünyaya göz açanda torpaqlarımızın bir hissəsi qonşu düşmənlərimiz tərəfindən işğal olunmuşdu. Hafiz böyüyüb bu Vətən torpaqlarının düşməndən alınmasında fəal iştirak etdi. Döyüşdü və döyüşdə şəhid oldu. Şəhid olmaq, müqəddəsliyə qovuşmaq deməkdir. Bu həm də ulu Tanrıya, Yaradana bir addım yaxınlaşmaq deməkdir. Şəhid Hafiz Həziyev bu addımı atdı… Allah rəhmət eləsin!"
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Hafiz Həziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.