2021/01/e54b3-1610120257.jpg

line
Adı: Ələsgərli
Soyadı: Zaur
Ata adı: Mübariz
Doğum tarixi: 05.03.1995
Şəhid olub: 31.10.2020
Rütbəsi: Miçman
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igid hərbçilərimizdən biri gizir Zaur Ələsgərli Mübariz oğludur. Sentyabrın 27-dən əks hücum əməliyyatlarında kəşfiyyatçı olaraq öndə gedən Zaur oktyabrın 31-i Xocavənd uğrunda döyüşlərdə şəhid olub.

Z.Ələsgərli 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra hərbidə işləməyə qərara verib. 2015-ci ildən Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb və xüsusi təyinatlı gizir olub.



Şəhidin anası Vəfa Abbasova bildirib ki, Zaur xüsusi təyinatlı olması və müharibəyə yollanması barədə nə ailəsinə, nə də ona məlumat verib.


“Bizim heç nədən xəbərimiz yox idi. Zəng edəndə heç nə demirdi. Yanında nəsə partlayanda da deyirdi ki, “narahat olmayın, Gəncədə təlimdəyik”. Mən oğlumun şücaətləri, igidliyi barədə komandiri və hərbçi yoldaşlarından bilmişəm. Oğlum erməni dilini təmiz bilirdi. Komandiri deyirdi ki, Zaur minalanmış meşə ilə özü tək gedirdi, düşməni məhv edib, qayıdırdı.



Onlar kəşfiyyatçı olduqları üçün döyüşlərdə öndə gedirdilər, postları ermənilərdən təmizləyirdilər, daha sonra digərləri gəlirdi. Zaur dəfn olunan günü (noyabrın 1-i) komandiri gəlmişdi, ağlaya-ağlaya dedi ki, “gözümüzü itirmişik, cəsur oğul itirmişik”.



V.Abbasovanın sözlərinə görə, oğlu Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı və Şuşa döyüşlərində igidlik göstərib.


“Sultanlı kəndi uğrunda döyüşlər ağır keçib. Sonuncu Xocavənd istiqamətində tapşırıq gələndə oğlumla bir kapitan getmək istəyib. Komandiri deyirdi ki, Zaur həmişə tək döyüşürdü. Tək gedib gəlirdi. Yanında heç kimi istəmirdi. Lakin kapitan əl çəkməyib ki, “məni də özünlə apar”. O da rütbəçə böyük olanın əmrinə tabe olub, özü ilə aparıb. Bir müddət gedəndən sonra görüb ki, kapitan geridə qalıb və yaralanıb. Bütün silahlarını atıb qayıdıb ki, onu geri qaytarsın, sonra yenidən döyüşə gəlsin. Yolda onu arxadan vurublar. 1 güllə atıblar, o da başına dəyib. Kapitan yıxılıb, bu da onun üstünə düşüb. Komandiri deyir ki, güllə yağışı altında yaralı olsaq belə çalışdıq ki, oğlunuzun bədəninə nəsə olmadan onu çıxardaq və sizə təhvil verək”. Oğlum evimizə şəhid olaraq geri döndü”.



Zaurun cəsur döyüşçü olduğunu deyən V.Abbasova əlavə edib ki, onların 24 nəfərlik dəstəsi Qubadlı şəhərini burunları qanamadan düşməndən təmizləyib.


“Onlar hücum edəndə ermənilər qorxudan qaçır, bir-birilərinə güllə atırdılar. Videolarında işğaldan azad etdiyi yerləri çəkib, oranın füsunkarlığından, təbiətindən, gözəlliyindən danışırdı. Tək mənim oğlum deyil, yüzlərlə belə igid Vətən yolunda canını fəda etdi, şəhid oldu, torpaqlarımız işğaldan azad edildi. Vətən sağ olsun. Komandiri onun şücaətləri haqqında danışanda inana bilmədim. Çünki onun işindən xəbərsiz idim. Sentyarın 27-dən oktyabrın 31-ə qədər döyüş-döyüşə gəlib, burnu belə qanamayıb. Demək ki, oğlum yaxşı döyüşçü olub.



Komandiri, yoldaşları Zaurun igidliklərindən, düşməni məhv etməsindən danışırdı. Deyirlər ki, hücuma keçmişik. Çöndük ki, Zaur yoxdur. Nə çağıra bilirik, nə də rabitə ilə deyə bilirik. Çünki meşədə ermənilərin içərisindəyik. Amma getdiyimiz yeri bilirdik. Gedib gördük ki, Zaur silahdan istifadə etmədən 9 ermənini öldürüb. Səssizcə gedib, düşməni öldürmüşdü. Bir ermənini isə əsir götürüb, döyüş yoldaşlarını gözləyib. Gülə-gülə deyib ki, “bəs bunlar məşvərət edir ki, siz harada qaldınız? Gəlin çıxın da, nə qədər mən qabaqda gedəcəyəm?”. Komandiri bildirir ki, Zaur 30 il tapdaq altında olan namusumuzu təmizlədi”.



Övladının vəfatından 40 gün keçdiyini deyən şəhid anası bu günlərin onun üçün 40 ilə bərabər olduğunu söyləyib:


“Onsuz keçən hər günüm bir ildən çoxdur. Ürəyimdə hiss edirəm ki, balam yaşayır və nə vaxtsa gələcək. Hələ də onun yolunu gözəyirəm. Sentyabrın əvvəlində evə qayıdanda Sumqayıt tərəfdən dəniz qırağı ilə gəlmişdi. Dedi ki, “ana dəniz qırağında qəşəng evlər var”. Dedim ki, bala hərbçisən gedək alaq. Dedi, “ana sentyabrın axırı bir işimiz var, o həll olunsun, gedib alarıq”. Balam indi dəniz qırağında Şəhidlər Xiyabanında özünə yer tutdu. Özünə elə bir ev aldı ki, nə qapısı var, nə pəncərəsi...



Zaurun evin böyük oğlu olduğunu deyən V.Abbasova bildirib ki, övladından ona yadigar balaları qalıb.


“İki qardaş idilər. Zauru evləndirmişdim. Ayxan adında iki yaş yarımlıq oğlu var. Digər oğlu fevralda anadan olacaq. Onun adını da vermişdi - Ayaz. Oğluna ad qoyub getdi. Mənim evimin şəraiti yoxdur, oğlum kirayədə qalırdı, onları götürüb öz yanıma gətirdim. Şəhid anası kimi istədiyim odur ki, oxuduğu məktəbə onun adını versələr az da olsa ürəyimə su səpmiş olarlar. Mənim onu oxutmağa imkanım olmadı. Amma əlaçı uşaq olub, çox yaxşı oxuyurdu”.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zaur Ələsgərli "Qarabağ" ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ələsgərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zaur Ələsgərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zaur Ələsgərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zaur Ələsgərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zaur Ələsgərli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib