Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Asim Quliyevdir.
Asim Bəkir oğlu Quliyev 1996-cı il martın 2-də Bakı şəhərində anadan olub. 2002–2011-ci illərdə 107 saylı Bakıxanov qəsəbə tam orta məktəbində, 2011–2013-cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana böyük həvəsi böyük olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1-ci, Respublika üzrə keçirilən yarışlarda 2-ci yeri qazanıb. Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olub.
Asim Quliyev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti dövründə 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə iştirak edib.
Əsgər Asim Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsidə iştirak edib. O, Füzuli, Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Asim Quliyev oktyabrın 11-də Hadrut döyüşləri zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Asim Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Asim Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.