Vətən müharibəsi başlayanda Knyaz Orucov əsgər kimi hərbi xidmətdə olub. Müharibənin ilk günlərindən igid, qəhrəman döyüşçü kimi tanınıb.
10 may 2000-ci ildə Rusiya Federasiyasının Tümen vilayətinin Surqut şəhərində dünyaya gəlmişdir.
2016-cı ildə Gəncə şəhər 44 saylı məktəb-liseyin 9-cu sinfini bitirmiş, 2016-2019-cu illərdə 2 nömrəli Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsilini davam etdirmişdir.
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. Uşaqlıqdan çox vətənpərvər ruhda böyüyüb. Torpaqları düşmən işğalından azad etmək onun ən böyük arzularından olub.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Knnyaz Orucov “N” saylı hərbi hissənin əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
05 oktyabr 2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olmuşdur.
8 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Knyaz Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Knyaz Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhidin bacısı Cəlalə Orucova qardaşını belə xatırlayır : "Vətənini torpağını sevən oğlan olub. Danışanda deyirdi ki, özüm Qarabağı alacam. Deyirdi ki, sinəmdə bayrağım var, onu asacam. Arzusu yerinə yetirildi".