2021/09/24314-1632829411.jpg

line
Adı: Mirzəli
Soyadı: Rəşad
Ata adı: Hafiz
Doğum tarixi: 26.05.1995
Şəhid olub: 01.10.2020
Rütbəsi: gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
“Murov zirvəsi və Talış yüksəkliyi uğrunda döyüşən əsgərlər qələbənin ilk qaranquşları idilər”.

Rəşad Mirzəli Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən, şəhidlik zərvəsinə ucalan igidlərimizdən biridir. O, 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. 5 yaşında olarkən valideynlərinə israrla məktəbə getmək istədiyini deyib və elə həmin yaşda ibtidai təhsilə başlayıb. Hərbi xidmət zamanı sülhməramlı qüvvələrin sıralarında Azərbaycanda 6 ay qulluq etdikdən sonra digər əsgər yoldaşları ilə birlikdə könüllü Əfqanıstana yollanıb və 2014-cü ildən 2015-ci ilə kimi xidmətini orada davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunub.


Şəhidin anası Afidə Mirzəli bildirir ki, Ərdoğan hədiyyə etdiyi gümüş saatı özü şəxsən Rəşadın qoluna bağlayıb .


"Həmin saatı evdə xatirə saxlayıram", - deyən Afidə xanımın sözlərinə görə, övladı xidmətini başa vurduqdan sonra Azərbaycana geri qayıdıb, daha sonra müddətdən artıq hərbi xidmətə başlayıb: "Deyrdi, Vətəni işğalda olan oğul heç vaxt başqa işə getməz. Hərbiyə getmək lazımdır ki, torpaqlarımızı azad edək. 2016-cı il Aprel döyüşlərində iştirak etmək istəyirdi, ancaq alınmadı.


3 illik müqaviləsi başa çatdıqdan sonra boş dayanmadı, Mingəçevir şəhər İdman və Turizm Kollecinə daxil oldu. Eyni zamanda, gizirlik kursundan keçdi və Goranboyun Ağca kəndinə təyinatını aldı. Orada N saylı hərbi hissədə gizir kimi xidmətə başladı. Nümunəvi, intizamlı olduğu üçün onu tağım komandiri Elçin Tağıyevin müavini təyin etmişdilər. Əsgərlərinə böyük qardaş kimi yanaşırdı. Çox istəyirdi onları. Deyirdi, əsgərlər analarının yanından gəliblər, darıxırlar. Onları başa salıram, söhbət edirəm ki, hər birimizin borcudur, kişilik məktəbidir. Vətən müharibəsi başlayanda zəng etdi ki, hər şey qaydasındadır, narahat olma. Çətinliklər haqqında danışmazdı, heç vaxt sirr verməzdi.



Rəşad və əsgər yoldaşları Murov zirvəsi və Talış yüksəkliyi uğrunda döyüşürdülər. Onlar qələbənin ilk qaranquşları idilər. Murov uğrunda gedən döyüşlərdə əsgər yoldaşlarından biri yaralanıb zədə aldığı üçün bir ayağı amputasiya olunub. Həmin qazi bu yaxınlarda bizə gəlmişdi. Dedi ki, xəstəxanadan dünən çıxmışam. Rəşad məni odun, alovun, erməninin içindən yaralı şəkildə çıxarıb və 4 kilometr yolu çiynində daşıyıb.


Qazi yoldaşları danışırdı ki, Talış uğrunda gedən döyüşlərdə güllənin altında nəinki yaralı, hətta şəhid əsgərlərin meyitlərini belə döyüşə-döyüşə çıxarırmış. Oğlum özü qolundan yaralanıb. Komandir ona deyib ki, yaralı əsgəri apar və özün də geri qayıtma, sənə ilkin yardım göstərsinlər. Bir də baxıblar ki, Rəşad yenidən döyüş mövqeyinə qayıdıb və onlarla birlikdə vuruşur. Sonuncu dəfə oktyabrın 1-i səhər tezdən saat 5-də döyüşə qayıdıblar. Günorta saat 3-də şəhid xəbəri gəldi. İndi hamı Şuşa döyüşlərindən danışır. Amma nəzərə almaq lazımdır ki, müharibənin açarı Talış, Murov döyüşləri olub”.



Afidə xanım deyir ki, Rəşad heç vaxt Qarabağda ermənilərin yaşamasını qəbul edə bilmirdi. Müharibənin başlayacağı günü səbrsizliklə gözləyirdi.


“Deyirdi, adamın qanı götürmür. Necə ola bilər ki, belə gözəl yerlərimizdə ermənilər yaşasınlar. Gələcək nəsilə bu torpaqları hədiyyə etmək lazımdır. Qarabağ azad olunandan sonra gözəl həyat başlayacaq. İndi biz rahat həyatdan danışsaq, haram olar. Arzuları böyük idi. İstədiyi qız var idi. Elçi getmək istəyirdik. Karantinə görə saxlamışdıq.




Oğlumun gözlərində qorxu yox idi. Bir əhvalat danışım. Böyük qardaşının 4 yaşı olanda Rəşadın 3 yaşı vardı. Bir dəfə toy şənliyində özlərindən böyük oğlan qardaşını vurmaq istədi. Rəşad yüyürək gəlib həmin uşağın gözünün içinə baxdı. Uşaq sakitcə çıxıb getdi. O vaxtdan bilirdim ki, o, fərqli olacaq. Deyirdi, Rəşad sözünü mənası çox dərindir. Mən adıma layiq olmalıyam. Heç nədən qorxusu yox idi.



Şəhid olandan sonra İnstaqram səhifəsinə baxdım. Əsgər yoldaşına “052”yə yazıldığını bildirib. Oktyabr ayında general Hikmət Mirzəyevin komandasına qoşulmalı idi. Amma qismət olmadı. Komandiri Elçin Tağıyevlə çox səmimi münasibətləri var idi. Hər ikisi eyni gündə, eyni döyüşdə şəhid olublar”.



Şəhid anası oğluna məxsus 500 manat pulu orduya dəstək üçün ayırdığını söyləyib: “Kollecdə dərsləri başlamalı idi. Sentyabrın 27-si gedib ona paltar alasıydıq. 500 manat pul ayırmışdı. Rəhmətə gedəndən sonra mən o pula əl vurmadım. Dedim, özünə qismət olmadısa, döyüşdə olan əsgərlərimizə qismət olsun. Onlara isti paltar alınsın. Silah tutan əllərinə soyuq olmasın. Pulu aparıb orduya dəstək fonduna köçürdüm.


Gözüm yolda qalır. Bəzən elə bilirəm ki, qapı açılacaq və içəri girəcək. Məzarı üstünə gedib deyirəm, bala, sən gəlmədin, mən sənin yanına gəldim. Öz əli ilə düzəltdiyi sərgisi var. Arzulayırdı ki, vəzifəsi artdıqca şəkillərini böyüdüb bu sərgiyə qoysun”.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Mirzəli Rəşad Hafiz oğluna ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları ilə təltif edib.














memorial.az