Azərbaycan tarixən müxtəlif faciələrlə, fəlakətlərlə üz-üzə qalmışdır. Lakin cəngavər Vətən övladları bütün bu fəlakətləri, faciələri böyük mərdliklə, qəhrəmanlıqla dəf edərək doğma Azərbaycanımızı bu günümüzə qədər gətirib çıxarmışlar. Doğma Azərbaycanımız da cəsur, mərd oğullarımızın adı ilə hər zaman fəxr etmiş, onların adlarını daim uca tutmuşdur. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Tural Qarayevdir.
Tural Şahin oğlu Qarayev 1991-ci il aprel ayının 29-da Bakının Binəqədi rayonunun 28 May qəsəbəsində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 274 saylı tam orta məktəbin I-ci sinifinə qəbul olmuşdur. 2008-ci ildə məktəbi bitirdikdən sonra çox qısa bir müddət çalışıb və 2009-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Bir müddət xidmət etdikdən sonra Gürcüstanda “NATO”nun Sülhməramlı kontingentinə qatılmış və xidmətini orada davam etmişdir. Sonrakı aylarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün keçirilən testlərdə iştirak etmiş və qəbul olunmuşdur. Xidməti müddət ərzində keçirilən təlimlərdə layiqincə borcunu yerinə yetirmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Tural Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Qarayev oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Bəklə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.