Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Hüseyn Mirzəyevdir.
Mirzəyev Hüseyn Elsevər oğlu 2001-ci il sentybrın 19-da Gəncə şəhərində dünyaya göz açıb. 2018-ci ildə Gəncə şəhər 46 nömrəli tam orta məktəbi bitirip.
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
Vətənin çağırışına ilk səs verən Hüseyn, hərbi xidmətdən Füzuli bölgəsinə cəsur kəşfiyyatçı kimi yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
12 oktyabr 2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olmuşdur.
Şəhid sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də danışıb. Həmin vaxtdan bir daha əsgərin taleyi barədə heç kim məlumat əldə edə bilməyib. 21 dekabrda Hüseynin şəhid olduğu məlum olub. 22 Dekabrda Gəncədə Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.