Şəhid anası Azvision.az-a açıqlamasında bildirib ki, birdəfəlik ödənişi oğlunun yeddi mərasimi günü fonda köçürüb.
"Torpaqlarımızın azad edilməsində iştirak edənlər üçün bu vəsait daha vacibdir. Orada döyüşən, yaralanan, şəhid olanların hər biri mənim balalarımdır. Məlik 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. 11 ay olardı ki, xidmətdə idi. Daha sonra onu döyüş bölgəsinə apardılar. Oğlum 23 gün öz qanı və canı ilə vuruşub. Məliki ölməyə yox, düşməni öldürməyə göndərmişdim. Qismət belə imiş. Təki Vətən sağ olsun".
1 yaşından övladını atasız böyüdən şəhid anası Məlikin böyük arzularının olduğunu söyləyib: "1 yaşında atası atıb getdi, onun həm atası, həm də anası oldum. Məlik əsgərlikdən gələndən sonra Fövqəladə Hallar Nazirliyində işləmək istəyirdi. Sürücülük vəsiqəsi almışdı, maşın almaq istəyirdi. Mənə dedi ki, "vəsiqəmi ver, hərbidə qalım işləyim". Dedim ki, oğul, tək uşaqsan, qorxuram. Pul yığıb getmişdi ki, əsgərlikdən sonra maşın alsın. Əsgərliyə gedəndə pulu nənəsinə vermişdi. Demişdi, "anamın ehtiyacı olanda verərsən. Mən gələndə anam maşın almağa kömək edəcək". Mən dövlətin verdiyi pulu ehtiyacı olanlar üçün verdim. Mənim ehtiyacım olarsa, Prezidentimiz bizə kömək edəcək".
Y.Ədilova sonuncu dəfə oğlu ilə oktyabrın 16-da telefonla danışıb: "Oğlumla sonuncu dəfə danışmağa yaralı əsgər Əli Alıxanlı kömək etmişdi. Onda sonuncu dəfə oğlumla danışdım. Dedim ki, oğlum, yaralılara baş çəkməyə gəlmişəm. Sevindi, dedi ki, öpürəm sənin əllərindən, çox sağ ol. Mən də söylədim ki, oğul, sən orada döyüşürsən, mən sənin arxandayam. Dedi, "ana sənin duaların məni qoruyar".
Biz Məliklə o qədər də əlaqə saxlaya bilmirdik. Mən Məlikdən ötrü çox darıxırdım. Həmişə deyirdi ki, "ana mən Bakıdayam, bəs düşmənlə üz-üzə duranların anaları necə olsun. Nə qalıb ki, 200 gündən sonra gələcəyəm".
Məlik heç vaxt məni incitmədi. Çox vətənpərvər oğlan idi. Balam ən ali zirvəyə - şəhidlik zirvəsinə ucaldı. Onunla fəxr edirəm".