Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki, hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən bir övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşının 19 yaşlı şəhidi Səfərdir.
Şəhid Səfər Elmar oğlu Həsənov 18 sentyabr 2001-ci ildə Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. Vətən müharibəsinin iştirakçısı olan Səfər Həsənov noyabrın 11-də Suqovuşan istiqamətində 530 m yüksəklikdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş, işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş şəhid Səfər Elmar oğlu Həsənov ölümündən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Sərəmcamına əsasən "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.