2021/05/2020--1620742556.jpg

line
Adı: Salahlı
Soyadı: Elgiz
Ata adı: Nurəddin
Doğum tarixi: 11.09.1992
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı

Vətən Müharibəsindən üzü ağ çıxdıq. Onların sayəsində, onların rəşadətiylə...

Onlar 44 gün təkcə "Vətən" deyib, üzü Laçınadək özlərini düşmən mərmisinə sipər etdilər. Təəssüf ki, qazanılan zəfəri 2783 igidimiz görmədi. Təbii, itkisiz qələbə də olmur...

Əbədi borclu qaldığımız şəhid qəhrəmanlarımızdan biri də sentyabrın 30-da könüllü olaraq döyüşə yollanan Elgiz Salahlıdır. O Elgiz ki, cəbhəyə yollanmamışdan öncə öz şəkillərini bayraqlara bürüyüb. O Elgiz ki, “Vətənin belə günündə qıraqda dura bilmərəm” deyib, özünü ən önə atıb.

Elgiz torpaqlarımızın erməni işğalı altına düşdüyü dövrdə - 1992-ci il sentyabr ayının 11-də Beyləqan rayonunda anadan olub. Rayonun 1 nömrəli tam orta məktəbində 11 illik təhsil alıb. Daha sonra 2010-cu ildə əsgərlik borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. 2015-ci ildən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə işini davam etdirib. O, çavuş rütbəsində kəşfiyyatçı olaraq xidmət göstərib. Aprel döyüşlərində Nərgiztəpə istiqamətində vuruşub. 2017-ci ildə sağlamlığı ilə əlaqədar işindən ayrılıb.

Yaxınları deyir ki, Elgiz lap uşaqlıqdan Vətən sevdalısı olub:

“O, elə gözəl insan idi ki, bir nəfəri incitməzdi, heç kimin qəlbinə dəyməzdi, nur üzlü idi. Həmişə çox müdrik danışardı. O qədər düşüncəli davranış sərgiləyərdi ki, deyirdik, elə bil 70-80 yaşı var. Mərdiməzarlığı heç sevməzdi, haqq tərəfadrı idi. Uşaqlıqdan içində olan Vətən sevgisi və haqq tərəfdarlığı onu Qarabağ müharibəsinə çəkib apardı. Qələbəmizə imza atanlardan oldu. Baxırıq, sanki bütün şəhidlər seçilib - boylu-buxunlu, ağıllı, istedadlı, savadlı, nur üzlü... Allah bütün şəhidlərimizi yaşadacaq, onlar heç vaxt ölməyəcək”.

Elgiz ailəsi ilə birlikdə Beyləqanda yaşayıb. Atası Nürəddin Salahov bazarda balaca kafe işlədir. Anası Afət Salahova isə çörəkçidir. Ailədə 2 qardaş olublar. Qardaşı Fariz ondan kiçikdir. Elgizdən geriyə qızı yadigar qalıb. İndi ailəsi həyata onunla tutunurlar. 2016-cı ildə dünyaya göz açan qızının adın da özü qoyub - Dəniz.

Qəhrəmanımız döyüş yoldaşları ilə birlikdə oktyabr ayının 4-nə qədər Füzuli-Hadrut istiqamətində sürətlə irəliləyib. 27 yaralı əsgərin döyüş bölgəsindən çıxarılmasında fəallıq göstərib.

Elgiz şəhid olmamışdan cəmi 3 saat əvvəl ailəsi ilə danışıb:

“Oktyabrın 6-sı səhər saat 9-da ailəsi ilə telefonda danışdı, saat 12-də isə şəhid xəbəri gəldi. 12 gündən sonra da şəhid olması xəbəri dəqiqləşdi. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 18-i şəhidimizin nəşi doğulduğu Beyləqan rayonunun müqəddəs Cərciz Peyğəmbərliyində torpağa tapşırıldı”.

Əzizlərindən Elgizə xatirə...

Ağla, ürəyim, ağla,
Ağla, için-için, ağla.
Ağla, dönməyəcək, o,
Bir daha sənin üçün.

Parçalanmış cəsədin,
Parçaladı qəlbimi.
Of, Allahım...
Sən onu yaratmadın qəlpə üçün

Nə tez verdin hökm ona,
Yaşadığı həyat üçün.
Of, Allahım...
Sən onu yaratmadın ölüm üçün.