2023/12/Xəya-1703072938.jpg

line
Adı: Həziyev
Soyadı: Xəyal
Ata adı: Feyruz
Doğum tarixi: 20.12.1987
Şəhid olub: 15.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı
Xəyal Həziyev 1987-ci il dekabrın 20-də Ağcabədi şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həziyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xəyal Həziyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Xəyal Həziyev ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
***
Şəhidimizin atası Həziyev Feyruz oğlu ilə bağlı düşüncələrini belə dilə gətirdi: "Onu cəbhəyə getmək üçün səfərbərliyə yazılarkən yaşının çox olması səbəbindən dəfələrlə geri qaytarsalar da, inadından dönmədi. Xəyalın uzun israrlarından sonra onu səfərbərliyə yola saldılar. Komandir onu əvvəlcədən tanıdığından 500 nəfər əsgərin içindən tanıyıb avtobusa birinci çağırdı. Mən ordakı uşaqlarda əsl Vətən sevgisinin şahidi oldum. Oğlanın qolunun biri dirsəkdən aşağı yox idi. İsrarla polkovnikdən xahiş edirdi ki, onu da aparsınlar, amma sağlamlığı əl vermədiyi üçün mümkün deyildi. Sözüm ondadır ki, bu Vətənin Xəyal kimi oğulları çoxdur.



Xəyalın birinci xidməti vaxtında onu ziyarət etməyə getmişdim. Dedi, ata mən buradan da irəli gedəcəyəm. Çünki elə bilmişdi ki, mən oraya komandirlə danışmağa getmişəm. Ona görə də əvvəlcədən öz sözünü dedi. İndi də Qarabağ döyüşləri zamanı Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan bayrağının sancılmasında iştirak edib. Oğlumla fəxr edirəm. Amma istəyərdim ki, televiziya kanalları da gəlib oğlumun həyat yolunu çəkib göstərsinlər. Qoy xalq Xəyal kimi qəhrəmanlarını yaxından tanısın".

Şəhidin bacısı Samirə xanım deyir: "Xəyal kimi igidin bacısı olduğum üçün fəxr edirəm. Müharibə başladığı cəmi 2 gün idi, dəfələrlə qaynar xətlərə zəng edirdi. Əsgərlikdə olduğu yer, əsgərlik şücaətləri onu daha da həvəsləndirirdi. Evdə itirdiyi hər dəqiqə üçün özünə əsəbiləşər, "Nə üçün məni də aparmırlar, axı, mən Murov dağda xidmət etmişəm, hər şeyi yaxşı bilirəm, mən bu dəqiqə orda olmalıyam" - deyərdi".

Anası Həziyeva Məlahət deyir ki, Xəyal elə balacalıqdan vətənpərvər idi: "Xocalıda baş verən hadisələri gördükcə deyirdi ki, ana, ermənilərin bizə etdiklərinin qarşısında susub oturmağa ürəyim əl vermir. Uşaq vaxtlarından öz sözünü deməyi bacarırdı. Dost-tanış arasında sülh yaratmağı da bacarırdı. Onun düşmənçiliyi ancaq erməniyə qarşı idi. Xəyal həm də xeyirxah uşaq idi, kimin nəyə ehtiyacı olsa ona köməyə qaçırdı. Ona görə də, indi qonşuluqda onun adına bulaq çəkirlər.


Döyüş yoldaşları da ondan ağız dolusu danışırdılar. Deyirlər, namaz vaxtı çatan bir döyüş yoldaşının sırası imiş, deyib o, indi namazdadır. Onun əvəzinə tapşırığı mən yerinə yetirərəm.

Silahdaşları deyir ki, Xəyal heç nədən qorxmurdu. Deyəndə minamyot gəlir yerə yat, deyirdi, onlar kimdir ki, mən onlardan qorxum. Elə o cür də başı dik, ayaq üstə, sinəsini sipər edərək şəhid olub.

Oğlum son dəfə döyüşə gedəndə dedi ki, anam, atam öz yerində, amma mənim üçün hər şeydən əvvəl Vətəndir. O, Vətən yolunda gedib, ona görə də analıq haqqımı anamın ağ südü kimi halal edirəm. Çünki mənim oğlum Vətəni qorumağa öz istəyi, israrı ilə getdi.

Xəyalı hər gün gözləyirəm, o, mənim üçün ölməyib. Bir nigaranlığım odur ki, oğlumun toyunu görə bilmədim".

Məlahət ana bildirdi ki, oğlunun döyüş yoldaşlarını axtarır. O, ümid edir ki, bu xəbər vasitəsilə özünə övlad kimi gördüyü həmin igidləri tapacaq. Və silahdaşlarının Xəyalla bağlı xatirələrini öyrənəcək.