Sənan Şahin oğlu Abdullayev 1998-ci il noyabrın 1-də Bakıda anadan olub. Abdullayevlər ailəsinin 3 övladından ən kiçiyi olan Sənan 2005-ci ildən Nərimanov rayonundakı 37 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Güləş, boks və qaydasız döyüşlə məşğul olan Sənan təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Hərbi xidmətdə olarkən peşəkar kəşfiyyatçı kimi yetişib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıdakı kitab mağazalarından birində satıcı kimi çalışan qəhrəmanımız sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb.
Əslən Zəngilan rayonunun Ağbiz kəndindən olan valideynləri Şahin Abdullayev və Gülbəniz Abdullayeva şəhidimizi vətənpərvər, qorxmaz və cəsur bir övlad kimi xatırlayırlar: “Sənan körpəliyindən ağıllı oğlan olub. O, uşaqlıqdan qabiliyyətli, mərifətli və sözəbaxan oğul idi. Sənan həm də idmançı idi. Sənanın mənfi bir xüsusiyyətini xatırlaya bilmirəm. Onun üzündən də bəllidir ki, hansı keyfiyyətlərə malik bir insan idi. Vətənpərvərlik onun öz daxilindən gəlirdi. O, uşaq vaxtlarında deyirdi ki, böyüyüb əsgər olacağam və Vətənimizi düşmənlərdən azad edəcəyəm. Sənanda bu istək körpəliyindən var idi”.
“Bizə heç nə demədən gedib Səfərbərlik Xidmətində qeydiyyatdan keçib. Bizim də heç nədən xəbərimiz yox idi. Bir neçə gündən sonra qardaşı dedi ki, ana, bəs Sənan orduya könüllü yazılıb. Mən də anayam. Qayıtdım ki, sən bilirsən, ora ölümdür. Onda Sənan dedi ki, olsun, ana. Ölənlər məndən artıqdır? Dedi, mən gedəcəyəm. Dedim ki, yolun açıq olsun, oğul”, - Sənanın anası xatırlayır.
Sənanın atası, keçmiş döyüşçü Şahin Abdullayev bildirir ki, I Qarabağ müharibəsi zamanı qardaşı Eynur Abdullayev də Zəngilan rayonu uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Sənanı qoçaqlıqda əmisi Eynura bənzətdiyini deyir:
“Bu qürurverici hissdir. Yəni bunu sözlərlə ifadə etmək çox çətindir. Biz 27-28 il bu anı gözləmişik. Məni tanıyanların hamısı bilir ki, bu hissi hər an yaşayırdım. Hər an istəyirdim ki, döyüşlərə qatılım. Hətta könüllü olaraq hərbi komissarlığa müraciət etmişdim. Mən istəyirdim ki, orduya oğlumla birgə qatılım və döyüşlərdə iştirak edək. O da belə qismət oldu bizə”.
Sənan oktyabrın 5-də Füzuli rayonunun Seyidəhmədli kəndində şəhid olsa da, onun ailə üzvləri uzun müddət bu hadisədən məlumatsız olublar. Şəhidin böyük qardaşı Ceyhun Abdullayev deyir ki, meyiti tapılana qədər hamısı onun sağ olduğuna inanıb. Sənanın meyiti isə noyabrın 1-də, elə doğulduğu gündə tapılıb və ailəsinə təqdim olunub: “Balacalıqdan ancaq döyüş istəyirdi. Deyirdi, gedəcəyəm, işğal altında olan torpaqlarımızı azad edəcəyəm. General Polad Həşimov şəhid olanda ona çox pis təsir eləmişdi. Deyirdi ki, səfərbərlik olsun, Ali Baş Komandan səfərbərlik elan etsin, gedək döyüşək. Elə də oldu. Qismən səfərbərlik elan olunanda ilk adını yazdıranlardan biri də qardaşım oldu”.
Şəhidin babası Sahib Abdullayev deyir ki, nəvəsi gedəndə düşməndən qisas alacağını deyib: “Sənan gedəndə deyib ki, torpaqlarımızı düşməndən azad etməyə gedirəm. Düşmənlərdən qisasımızı alacağam. Elə özü könüllü yazıldı, getdi cəbhəyə”.
Nənəsi İnnab Abdullayeva deyir ki, Sənanı Vətən çəkib apardı: “Sənan demişdi ki, heç kəs məni dayandıra bilməz, çünki Vətən düşmən tapdağındadır. Dedim, ay bala, gedirsən, məni də apar. Ən azından oradakı əsgərlərimizin qulluğunda duraram. Dedi ki, olmaz. Sənan dedi, nənə, arxayın ol. Son sözündə “qələbə ilə dönəcəyəm” demişdi”.
Sənanın müəllimləri Tahirə Ələkbərova və Zəminə Cəfərova onu orta məktəbdə təhsil aldığı zaman istedadlı, bacarıqlı və ağıllı bir şagird kimi xatırlayırlar: “Sənan məktəbdə bütün müəllim və şagird kollektivinin hörmətini qazanıb. Sənan çox vətənpərvər, Vətənə bağlı bir şagird idi. O, müəllimlərini çox sevirdi, onların sözündən çıxmırdı və dərslərini də çox yaxşı oxuyurdu. Biz fəxr edirik ki, bizim Sənan kimi övladımız olub”.
Qeyd edək ki, kəşfiyyatçı Sənan Abdullayev cəbhənin Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda döyüşçü yoldaşları ilə birlikdə bir gün ərzində üç düşmən postunu ələ keçirib. Həmin döyüşlərdə misilsiz qəhrəmanlıq göstərən 22 yaşlı Sənan düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub.
Döyüşlərə yollanarkən yaşadığı məhəlləyə Azərbaycan bayrağı sancan Sənan Abdullayev II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.