Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızldaş qəsəbəsində dünyaya göz açıb. İbtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlayıb. Uşaq yaşlarından idmana maraq göstərib, karate ilə məşğul olub.
2016-cı ildə orta məktəbi bitirib "İnşaat qəlibsiçi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olub. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşüb.
Komandirlərinin sözlərinə görə, Zəka hərbi xidməti dövründə fiziki gücü və qorxmazlığı ilə öz əsgər yoldaşlarından daim fərqlənib. Xidmətinin böyük qismini Füzuli rayonu ərazisində, qoşunların ön xətt bölmələrində (birinci eşalon) keçirib. 27 sentyabr tarixində bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayarkən Zəka Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib.
Abışov Zəka noyabr ayının əvvəllərində düşmənin əks hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 22 noyabr tarixində Qızıldaş qəsəbəsinə gətirilib, burada qəsəbə sakinləri tərəfindən böyük izdihamla qarşılanıb və ailəsinə təhvil verilib. Şəhid ertəsi gün Qızıldaş qəsəbəsi Şəhidliyində rayon rəhbərliyinin iştirakı ilə təntənəli surətdə torpağa tapşırılıb. Vida mərasimində Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qızıldaş bələdiyyəsinin sədri İdris Alışanov, sədr müavini Fərid Tağıyev iştirak ediblər
Vətən müharibəsindəki xidmətlərinə görə Abışov Zəka ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.