Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki, hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən bir övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşının 21 yaşlı şəhidi Elgündür.
Elgün Əli oğlu Həsənov 1999-cu il avqustun 16-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 44 günlük Vətən Müharibəsinə qatılan gənc Elgün oktyabrın 3-ü Füzuli rayonu ərazisində gedən döyüşlərdə savaşaraq qəhrəmanlıqla şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş, işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş şəhid Elgün Həsənov ölümündən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Sərəmcamına əsasən "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.