Şöhrət Qasımov (tam adı: Şöhrət Şakir oğlu Qasımov; 16 avqust 1992; Gədəbəy rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Tibb xidməti rəisi, Vətən müharibəsinin Şəhidi.
O, həmçinin, Vətən müharibəsində Şəhid olan ilk hərbi həkimimizdir. Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda dünyaya göz açmışdır. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirmişdir. Həmin il yüksək balla Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinə qəbul olmuşdur. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirmişdir. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlmişdir.
Tibb xidməti leytenantı Şöhrət Qasımov 2016-cı ildə Aprel döyüşlərində də iştirak etmişdir. Bundan 2 il sonra, 2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilmişdir. Qısa zamanda tibb xidməti rəisi vəzifəsinə təyin olunub. Xidməti dövründə nümunəvi zabit və savadlı həkim kimi hər kəsin rəğbətini qazanmışdır. Hərbi xidməti dövründə bir çox fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilmişdir. Tibb xidməti rəisi, baş leytenant Şöhrət Qasımov da 27 sentyabr 2020-ci ildən başlayan İkinci Qarabağ müharibəsindəki hərbi əməliyyatlarda iştirak edən hərbi həkimlərimizdən biri olur.
2 gün içərisində bir çox mühüm tapşırıqları icra edir və neytral zonada da, döyüş bölgəsində də qalan yaralılarımızı və Şəhidlərimizi çıxarda bilir. Sonuncu dəfə, 29 sentyabr 2020-ci ildə, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək 3 çətin tapşırığın öhdəsindən gəlir. Yaralıları döyüş bölgəsindən çıxaran zaman düşmən tankı ilə üz-üzə gəlir və üzərində olan xidməti silahla onunla mübarizə aparır, sona qədər vuruşur. Həmin vaxt da zirehli maşında olan 4 nəfəri xilas edir. Həmin gün hərbi həkim baş leytenant Şöhrət Qasımov şəhid olur. DNT analizi ilə Şöhrət Qasımovun nəşi aşkar olunur. 9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.