2021/01/16101-1610185672.jpg

line
Adı: Məmmədov
Soyadı: Murad
Ata adı: Əzizulla
Doğum tarixi: 31.03.1995
Şəhid olub: 12.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Şəhid Murad Məmmədov Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb.

Murad Əzizulla oğlu Məmmədov 1995-ci il martın 31-də Qusar rayonunun İmamqulukənd kəndində dünyaya göz açıb. Dörd bacının tək qardaşı və ailənin sonbeşiyi idi. Atası dünyadan vaxtsız köçən Murad əsgərlikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu kimi çalışıb. Vətən müharibəsinin ilk günündən düşmən üzərinə hücuma keçən qruplarda yer alıb.

Şəhidin anası Cəminət Məmmədova Murad haqqında keçmiş zamanda danışmağa artıq çətinlik çəkdiyini söyləyir.


 



 


“Murad 4 bacının bir qardaşı idi. Əsgərliyi bitirdikdən sonra hərbidə çalışmağa başladı. İşindən çox razı idi. Murad mehriban, zəhmətkeş biri olaraq, hər çətinliyə qatlaşırdı. İşləyib ev-eşiyini düzəltmək istəyirdi. Maaşını evə göndərirdi ki, evimizin təmirini tamamlayaq. Sonuncu dəfə evə 2020-ci ilin may ayında məzuniyyətə gəlmişdi. Bir həftədən sonra onu xidmətə yola salanda elə bil ürəyimə dammışdı. Dedim, oğlum, bilmək olmaz başıma bir iş gələr, gəl səni qucaqlayım. İcazə vermədi. Qapıya çatanda dedi ki, ana gözlərimə yaxşı-yaxşı bax, əksi gözlərində qalsın. Sağollaşmağa qoymadı, çıxdı getdi. Müharibənin başlamasını bacılarına desə də, tapşırmışdı ki, mənə bildirməsinlər. Sonuncu dəfə oktyabrın 7-də danışdıq. Üç gün sonra isə şəhadətə qovuşdu”, - deyə şəhidin anası bildirir.


 



Manqa komandiri seçilən Murad qumbaraatandan atəş açaraq düşmənin canlı qüvvəsini məhv edirdi. Ailə üzvləri Müdafiə Nazirliyinin müharibə ilə bağlı yaydığı ilk görüntülərdə Muradın döyüş kadrlarını görüb çox qürurlanmışdı.


“Qardaş acısı çox ağırdır. Murad ailəsi, dostları və tanışları ilə çox mehriban davranırdı. Müharibə vaxtı zəng vuranda “hər şey yaxşıdır bacı, narahat olmayın” deyirdi. Qardaşım qəhrəmancasına döyüşdü. Mən onunla qürur duyuram. Allah ona rəhmət eləsin”,- deyə şəhidin bacısı Həlimə söyləyir.



Muradın digər bacısı Aleyna qardaşının böyük arzularının olduğunu, amma Vətən sevgisini hər şeydən üstün tutduğunu qeyd edir: “Naftalanda işləyirdi. Sonra onları ön cəbhəyə apardılar. Mənə yazmışdı ki, bacı, biz döyüşlərə başlayırıq. Amma anama deməməyi tapşırdı. Onun böyük arzuları vardı. Biz də həmişə onun ailə qurmasını, xoşbəxt olmasını arzulayırdıq. Anam bizi çox çətinliklərlə böyüdüb. Murad işləyib bu evi düzəltdi, amma özü yaşaya bilmədi. Fəxr edirəm ki, qəhrəman qardaşım var. O, Vətən uğrunda şəhid olub”.



Murad Məmmədov oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onunla birlikdə Suqovuşan döyüşlərində dayısı oğlu Orxan Əbiyev də döyüşüb. Orxan yaralandığından Muradın sonrakı taleyindən hospitalda xəbər tutub.


“Muradla iki ilə yaxın Mingəçevirdə bir yerdə xidmət etdik. Sonra xidmət yerlərimiz dəyişdi. Mən ona neçə dəfə dedim ki, Murad, sən dörd bacının bir qardaşısan, bəlkə xidmətini başa vurasan. Amma o, fikrindən dönmədi. Deyirdi, Vətən uğrunda şəhid olsa, onun üçün şərəfdir. Murad düşmənin atdığı artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucaldı. Mən də yaralanmışdım. Muradın şəhid olması xəbərini hospitalda eşitdim”.


İyirmi beş yaşında şəhidlik zirvəsinə ucalan Murad ölümündən sonra “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.