Hər bir şəhid ömrü bir tarixdir. Vətən yolunda qızıl hərflərlə yazılan bir tarix. Biz onu dönə-dönə oxumalı və gələcək nəslə çatdırmalıyıq. Torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Fərid Nağıyevin ömrü yolu kimi.
Fərid Nağıyev 1999-cu il avqustun 8-də Sabirabad rayonunun Zəngənə kəndində anadan olub. Orta təhsili Yalçın Ağayev adına Zəngənə kənd məktəbində alıb. 2017-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətə Goranboy rayonunun «N» saylı hərbi hissəsində başlayıb. Əsgərliyi başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətdə idi. Tərtər bölgəsində daim kəşfiyyatda olub.
Şəhid anası deyir:
-Beş övlad böyüdüb tərbiyə etmişəm. Bunların ən ağıllısı, ən zirəyi Fərid idi. Tez-tez əsl kişiyə xas olan görkəm alıb deyirdi: «Ən böyük sevgim Vətən sevgisidir», «Vətən həm də anadır». Məzuniyyət vaxtı evə gələndə bir yerdə qərar tuta bilməzdi. Həyət-bacada işləyərdi. Yorulmaq nə olduğunu bilməzdi. Səliqə-səhmanlı idi. Uşaqları həddən çox sevərdi…
Fəridin atası Poladxan kişinin dediklərindən:
-Rəhmətlik bir dəfə mənimlə söhbət zamanı bildirdi ki, Vətən əsgəri oldun, gərək vicdanla xidmət edəsən. Fərid gizir, baş kəşfiyyatçı idi. Paklıq, saflıq, mənəvi təmizlik, daxili zənginlik ən böyük həyat amalıydı. Doqquz ay idi ki, evlənmişdi. Təzə ev tikdirirdi. Heyif ki, bütün bunların bəhrəsini, dadını-duzunu görmədi. Onun ölümünə hələ də inanmıram. Mənə yuxu kimi gəlir. Elə bilirəm uzaq səfərdədir, qayıdacaq. Kiçik qardaşı Fəhmin də orduda xidmət edir. İgidlikdə qardaşına çəkib. Heç də əbəs yerə deyilməyib ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Oğlum Fərid şəhidlik zirvəsinə yüksəlib. Bundan qürur hissi duyuram. Bu gün ordumuz düşmənə həddini bildirir. İgid oğullarımız qəhrəmanlıqlar göstərir, erməni faşistlərinə sarsıdıcı zərbələr endirirlər.
Şəhidin xalası Alidə xanım:
-Fərid hərbi geyimi çox sevirdi. Hərbçi olmağından qürur hissi duyurdu.
Həyat yoldaşı Lamiyə xanım:
-Fərid kəşfiyyatçı olduğundan heç nə danışmazdı. Həmişə deyərdi ki, işimlə, vəzifəmlə bağlı mənə sual verməyin. Əgər şəhid olsam bundan kədərlənməyin, qürur hissi keçirin.
Şəhidin atası ilə söhbət zamanı məlum oldu ki, Poladxan kişi Qarabağ müharibəsi veteranıdır. O, özü haqqında bunları dedi:
-Vətənin dar günündə qəlbimdə intiqam hissi silaha sarılıb könüllü cəbhəyə getmişdim. 1990-cı ildən başlayaraq 4 il Qarabağ döyüşlərində iştirak etmişəm. Füzuli bölgəsində ağır yaralanaraq kontuziya olmuşam.
Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında, ürəklərində 21 yaşlı bir gənc yaşayacaq. Nə yaşı ötəcək, nə də qocalacaq. Ölümü ilə ölməzlik qazanacaq.
İllər ötəcək… Çalxalanan dünyamız durulacaq. Çoxları tarixin yaddaşından silinib gedəcəklər. Xələflərimiz sələflərinin kimliyini bilmək istəyəcəklər. Bax, onda şəhidlik zirvəsinə yüksələnlər çırağa çevrilib tarixin qanlı səhifələrinə işıq salacaq, xalqımızın qəhrəmanlığı, əyilməzliyi, dözümlülüyü barədə şahidlik edəcəklər.
Fərid Poladxan kişinin oğlu olmaqla bərabər həm də Azərbaycan xalqının övladıdır. Fərid Nağıyev şərəfli ölümü ilə ölməzlik qazandı. Azərbaycanımız Fəridlə, onun kimi oğullarla fəxr edir. Fərid Nağıyevin əziz xatirəsi şəhid olan bütün soydaşlarımız kimi heç vaxt unudulmayacaq. Qoy, ulu torpaqda rahat uyusun. Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Azərbaycan Ordusunun əsgəri olan Fərid Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Fərid Nağıyev sentyabrın 27-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Fərid Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.