2021/05/bir-1620817387.jpg

line
Adı: Quliyev
Soyadı: Eltay
Ata adı: Əli
Doğum tarixi: 03.06.1989
Şəhid olub: 29.07.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Eltay Əli oğlu Quliyev 1989-cu il iyunun 7-də Goranboy rayonunun Quşçular kəndində anadan olub.

O, 1995-2006-cı illərdə Gəncə şəhərində 33 nömrəli tam orta məktəbdə təhsil alıb.

Eltay Quliyev 2007-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.



Azərbaycan Ordusunun kiçik çavuşu olan Eltay Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Eltay Quliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ailəli idi. Üç övladı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Eltay Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Eltay Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin 2022-ci il 5 noyabr tarixli sərəncamına əsasən Eltay Quliyev ölümündən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Babası, atası kimi o da zəfər savaşına qalxdı. Vətənin bütövlüyü uğrunda döyüşdü. Qarabağın Azərbaycan olmasının təminatçılarından oldu, qanı və canı bahasına. Şəhadətə yüksələn Eltay Quliyevin qəhrəmanlığı barədədir növbəti sujetimiz, hansı ki, igidliyi dillər əzbərinə çevrilib.

Şölə Quliyeva şəhidin anası: Torpağını, bayrağını sevən bala idi. Deyirdi mən torpaq uğrunda şəhid olacam. Oradan zəng etmişdi ki, oğluna Öznur mən gəlməsəm bacılarını ananı sənə tapşırıram, yaxşı baxarsan. Oğlum istədiyi zirvəyə ucaldı. Oğlum o zirvəni istəyirdi. O həmişə şərəfli ölüm istəyirdi. Deyirdi ki, mən şəhid olacam.

Gözünü açandan evlərində torpaq, vətən sevgisi görmüşdü Eltay Quliyev. Ulu babası Qulu kişi Gəncə xanı Cavadxanın dəstəsində, babası Əşrəf kişi isə ikinci dünya müharibəsində döyüşüb. Atası Əli Quliyev isə birinci Qarabağ müharibəsinin iştiakçısı olub və savaş meydanında bir qolunu itirib. Belə ailənin nümayəndəsi idi Eltay Quliyev, hansı ki, özü də Vətən müharibəsində iştirakı özünün ən ümdə vəzifəsi hesab edirdi.

Əli Quliyev şəhidin atası : Uşaq vaxtından bu şəkildə də var hərbi formada onun orduya həvəsi var idi. O torpaqlarımızın işğal altında olmağına dözmürdü necə ki, görürdü ki, məndə dözmürəm. Döyüşdə də öndə gedibdir. Döyüşlər başlıyanda birinci gün zəng etdi ki, ata haqqını halal et böyük əhval ruhiyyə var. Düşməndən qisasımızı alacağıq. Vaxt azlığından onların şəraitini nəzərə alaraq az danışdıq. Sonra ürəyim durmadı mesaj yazdım ki, vaxtı olanda oxuyar. Yazdım ki, Eltay qadan alım mən bu müharibənin hər üzünü görmüşəm. Özünü qorusan, ağıllı hərəkət etsən daha çox xeyir verərsən. Görünmədən gör, ölmədən öldür. Bunu yazdım ki, arxayın vaxtında oxusun.

Ancaq Eltay bu mesajı oxuya bilmədi. O, vətən müharibəsində igidlik, qəhrəmanlıq göstərərək ən ali, ən yüksək zirvəyə yüksəldi. Şəhid olub, şəhadət şərbətini içdi. Eltay Quliyev şəhidlik zirvəsinə ucalaraq döyüş yoldaşlarının iştirakı ilə qəhrəmanlıq dastanı yazdı.

Əşrəf Quliyev şəhidin qardaşı: Mən birinci gün onun hücüuma çıxdığı əraziyə yaxın bir yerə orada qardaşımı soruşdum ki, görən oldumu, burada idimi. Dedilər göygöz hündür boy oğlan Qulieyv Eltayı deyirsən. Böyük ruh yüksəkliyi verə-verə, qışqıra-qışqıra hamı ilə getdi. Yoldaşları əlimdən, üzümdən öpürdülər ki, halaldı sənin elə bir qardaşın var.

Xuraman Tanrıverdiyeva şəhidin müəllimi: O əvəz olunmaz bir oğul idi. Nə heç kimi təkrar etmədi, nə də heç kim onu əvəz edə bilməz. Bu gün bizim şəhidlərimiz, şagirdlərimiz bizi hardasa utandırdı. Mən 6 il sinfə girəndə o ayağa qalxıb. Ancaq mən onun qarşısında ayağa dururam. Eltay girdi mən onun qarşısında ayağa dururam. Baş əyirəm onun qarşısında.

Aprel döyüşlərindən sonra müddətdən artıq həqiqi hərbi xidmətə yazılan Eltay Quliyev vətən müharibəsində əsil igidlik, şücaət göstərib. Onun bu qəhrəmanlığını isə ilk qələmə alan 9 yaşlı oğlu Öznur oldu. Kiçik ürəyinə atasının böyük qəhrəmanlığını sığdırdı şəhid övladı.

Öznur Əşrəfli şəhidin oğlu: Mənim atamın adı Eltaydı. Atamın adına görə də bu şerimi yazmışam.

Elimizın, obamızın qəhrəmanısan,

Lalən solub niyə sulamayıbsan?

Torpağa özünü tez bağışlayıbsan.

Atacan bizi niya tez buraxıbsan?

Yerin cənnət olsun ata!

Vətən müharibəsində cəmi üç gün döyüşdü Eltay Quliyev. Lakin vətənpərvərliyi və igidiyi ilə özündən söz etdirməyi bacardı.

Amid Aslanov şəhidin sinif yoldaşı: Həmişə mehriban idi, gülər üz idi. Hər bir şeyə birinci gələn oğlan idi. Vətən deyəndə qəhrəman kimi özünü ön cəbhəyə atan oğlan idi. Ağız dolusu danışırdı ki, biz Qarabağı alacağıq. Elə də etdi. Bu gün şəhid oldu, şəhadətə yüksəldi. Allah rəhmət etsin.

Elşən Qasımov şəhid atası: Allah şəhidlərə rəhmət etsin. Bu günümüzə şükür ki, Qarabağımız azad olundu. Biz bununla təskinlik tapırıq. Vətən sağ olsun

Şəhidlər ölməz vətən bölünməz. Bu şəhidimiz Birinci Qarabağ müharibəsində, ərazi bütövlüyümüz uğrunda canından keçdi. Şəhidlik zirvəsinə ucaldı. Bu şəhidimizdə İkinci Qarabağ müharibəsində Qarabağımız, ərazi bütövlüyümüz üçün canından keçdi. Hər iki şəhidin bir amalı var idi. Qarabağımız azad olsun. Onların istəkləri, amalları yerinə yetdi. Qarabağımız işğaldan azad edildi. Rahat yatın şəhdidlərimiz.





Elnur Vahidoğlu