Davud Tariyel oğlu Qurbanov 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub.
2002-2013-cü illərdə R.Pirnəzərov adına 299 saylı Biləcəri qəsəbə məktəb-liseyində, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində təhsil alıb. 2017-2019-cu illərdə həmin fakültənin magistratura pilləsində təhsilini davam etdirib.
Subay idi. Müxtəlif telekanallarda montajçı vəzifəsində çalışmışdı. Davud Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Davud Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Davud Qurbanov oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Davud Qurbanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.