Samir Mətləb oğlu Səmədov 2002-ci il yanvar ayının 18-də Astara rayonunun Pensər kəndində anadan olub. Uşaqlıq illəri doğulduğu Pensər kəndində keçib.
Orta təhslini Astara rayonu Z.Ə.Əhmədzadə adına 2 saylı tam orta məktəbdə aldıqdan sonra Samir 2020-ci ilin yanvar ayının 24-də Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Tərtər rayonu “N ” saylı hərbi hissəyə göndərilir.
2020-ci il sentyabr ayının 27-də başlayan II Qarabağ müharibəsində Talış kəndi və Ağdərə rayonu istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib və düşmənə sarsıdıcı zərbələr endirməklə böyük şücaət və qəhrəmanlıq göstərib.
Düşmənin canlı qüvvəsini məhv edən qəhrəman Samir oktyabr ayının 10-dan etibarən itkin düşür. Nəhayət 18 noyabrda Samirin nəşi tapılır və 10 oktyabr tarixində şəhid olduğu bilinir. Şəhidin nəşi 19 noyabr 2020-ci ildə böyüyüb, boya-başa çatdığı Astara rayonunun Pensər kəndinə gətirilir və orada torpağa tapşırılır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbi qulluqçu, əsgər Samir Mətləb oğlu Səmədovu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.