Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub.
Salayev Elşən Fuad oğlu 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirmiş, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub. Universitet illərində o istər respublika, istərsə də beynəlxalq səviyyəli tədbirlədə iştirak edərək aktiv tələbəlik həyatı keçirmişdir. Universitet həyatının ikinci ilində Elşən “Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarımillik bir müddətdə təhsilini davam etdirmişdir.
2017-2018-ci illərdə Elşən Salayev 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak etmişdir. Elşən, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak etmişdir.
Mükəmməl rus və ingilis dillərini bilən Elşənin vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi.
Elşən Salayev, 2019-cu ildə ali məktəbi bitirmişdir. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbiyə böyük marağı olmuşdur. Tərtərdəki N saylı hərbi hissədə vətənə xidmətini davam etdirirdi. Vətən Müharibəsinin başlaması ilə vətənin müdafiəsi üçün döyüşlərə qatılmışdır. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak etmişdir. 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər alına bilmirdi. Təxminən 1 ay sonra acı xəbər gəldi. Elşən Salayev Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuşdur. 18 noyabr tarixində Bakı şəhərində son mənzilə yola salınmışdır. Elşən, Azərbaycanın tarixini onun keçmişini öyrənərək gələcəyi üçün faydalı gənc olmaq istəyirdi, ancaq onun xəyalları, planları yarımçıq qaldı.
**
Yaşasaydı, Elşəni nəinki Azərbaycanda, hətta beynəlxalq səviyyədə parlaq elmi gələcək gözləyirdi "Biliyinə, savadına heyran olduğum biri idi”,
"Savadı və dünyagörüşü ilə çox böyük elm adamı olacaqdı”, "Onu çox ağıllı, nəzakətli və xeyirxah insan kimi xatırlayıram”, "Necə gülərüz, səmimi, vətənpərvər və savadlı qardaş idi”, "Əyləncəli, ağıllı və pozitiv” və s. Bu cümlələr şəhid Elşən Salayevin azərbaycanlı və türk dost-tanışlarının onun sosial şəbəkə hesabında etdikləri paylaşımlardan seçilib. Profilində edilən paylaşımlara göz gəzdirsəniz, onunla bağlı bu tipli fikirləri çox görə bilərsiniz.
Bu fikirlər Elşən haqqında bizdə təsəvvür yaratdı. Ancaq şəhidimizi daha da yaxından tanıyaq.
İlk olaraq qeyd edək ki, Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirib, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub. İkinci kursda Elşən "Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarım il təhsil alıb. 2017-2018-ci illərdə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan "Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak edib. Elşən, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak edib. 2019-cu ildə universiteti başa vuran Elşən, 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb.
İkinci Qarabağ Savaşı başlayan andan döyüşün iştirakçılarından olur. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak edir. 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər almaq mümkün olmur. Təxminən 1 ay sonra Elşən Salayevin Vətən Müharibəsində qəhrəmancasına şəhid olduğu xəbəri gəlir. 18 noyabrda Bakı şəhərində dəfn edilir.
"Həyat eşqi ilə dolu gənc idi” Elşən haqqında ilk olaraq atası Fuad Salayevlə söhbətləşdik. Atası deyir ki, Elşən həyat eşqi ilə dolu gənc idi və bunu onu tanıyan hər kəs hiss edirdi:
"Özünə qapanan deyildi, əksinə ünsiyyəti sevən idi. İnsanlarla ünsiyyəti sevirdi, bundan xüsusi zövq alırdı. Hər anını maraqlı etməyi bacarırdı. Maraqlı olan tələbəlik dövrünü o, daha da maraqlı etmək üçün çalışırdı. Daim nəsə öyrənirdi, araşdırırdı. Xarici dillərə marağı var idi, buna vaxt sərf edirdi. Ona təcrübə qazandıracaq, inkişafına pay qatacaq seminarlara, başqa fəaliyyətlərə önəm verirdi”.
F.Salayev bildirdi ki, Elşən, tələbəlik illərində ailəyə yük olan tələbələrdən olmayıb:
"Oxumağa, öyrənməyə həvəsli uşaq idi. Universitetə də yüksək balla qəbul olmuşdu. Bu nəticə valideynin məcburiyyəti, yaxud istiqamətləndirməsi ilə olmaz. Özü oxumaq istəyirdi. Həm ingilis dilinə marağı var idi, həm də tarixə. Ona görə də, ingilis dilində tarix təhsili almaq qərarı verdi. Nə maddi, nə də qeyri-maddi cəhətdən universitetlə bağlı ailəyə çətinlik yaşatmayıb. Universitetlə bağlı bütün məsələləri, problemləri özü həll edirdi. Mən onun oxuduğu 4 il ərzində üstümdə bir ağırlıq hiss etmədim. Arxayın idim, bilirdim ki, hər bir problemini həll edə biləcək. Yaxşı təhsil almaq istəyirdi. Bunun üçün əlindən gələni etdiyinə əmin idim”.
F.Salayev bildirdi ki, oğlunun seçimlərinə, arzularına hər zaman inanıb. Bu inamı formalaşdıran səbəblər də var:
"Bizimlə öz arzularını, xəyallarını, planlarını bölüşürdü. Mən onların hər birini ciddi qəbul edirdim. Çünki onun bacarığına, istedadına bələd idim. Uşaqlığından bunu hiss edirdim. Ona görə, bilirdim ki, istəyirsə, çalışırsa, əldə edir. Arxeologiyanı seçmişdi. Təhsil aldığı müddətdə də onda bu sahəyə xüsusi maraq olduğunu hiss edirdim. Gələcəkdə elmlə məşğul olmaq istəyirdi”.
"Savadlı və ağıllı olması ilə diqqətimi çəkmişdi”
Universitet vaxtı qrup nümayəndəsi olan Elşən, müəllimlərin yaddaşında həm də aktiv, seçilən tələbə kimi yadda qalıb. BDU-da müəllimi olmuş Əsgər Zeynalabdinov deyir ki, Elşən nəinki savadı, həm də yanaşma tərzi ilə seçilirdi:
"Mən onlara Slavyan ölkələri tarixi fənnini tədris edirdim. İlk olaraq qeyd edim qrup nümayəndəsi kimi çox məsuliyyətli tələbə idi. Çox savadlı və ağıllı olması ilə diqqətimi çəkmişdi. Mən məşğələləri simulyasiya şəklində təşkil edirdim. Hər dərs bir mövzu müzakirə olunurdu. Mövzuların müzakirəsi zamanı gözəl analizlər aparır və dəyərli fikirlər söyləyirdi, özünəməxsus yanaşması olurdu. Həmişə ona deyirdim ki, sən beynəlxalq əlaqələr sahəsində çox yaxşı mütəxəssis kimi yetişə bilərsən. O isə ən çox arxeologiyanı sevdiyini bildirirdi. Hətta bir neçə arxeoloji qazıntılarda iştirak etmişdi. Hər dəfə bunu böyük həvəslə danışır və gələcəkdə arxeoloq olacağını qeyd edirdi. Öz savadı, bacarığı tarixi hadisələrə yanaşma tərzi müxtəlif mövzular ətrafında müzakirələr aparmaq qabiliyyəti onu digər tələbələrdən fərqləndirirdi. Elşən mənim yadımda ağıllı savadlı bacarıqlı və vətənpərvər tələbə kimi qalacaq. O, torpaqlarımızın azadlığı uğrunda ən yüksək bir pilləyə-şəhidlik zirvəsinə yüksəlib”.
Əsgər müəllim bildirdi ki, Elşənin vətənə, torpağa bağlı gənc olması dərslərdə özünü göstərirdi:
"Dərslər zamanı bu, açıq-aydın özünü göstərirdi. Müzakirələr zamanı həmişə Azərbaycanın mövqeyini üstün tutur, öz ölkəsinin mənafelərini müdafiə edirdi. Hərbi xidmətə çox həvəsli idi. Vətənini sevən gənc idi. Bunun da əyani sübutu, məhz onun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsi, şəhid olması oldu”.
"Dürüstlüyü də, hörməti də fərqlənirdi” Elşənin qrup yoldaşı olmuş Lamiyə Mustafayeva onunla bağlı xatirələrinin həddindən çox olduğunu deyir:
"Elşənin dürüstlüyü də, qrup yoldaşlarına, müəllimlərinə qarşı olan hörməti də fərqlənirdi. Hansısa problemimiz olardısa, Elşən onu həll etməyə kömək edərdi. Mən dörd illik tələbəlik həyatımın heç bir günündə Elşənin kiminsə xətrinə dəydiyini görməmişəm. Elşənlə maraqlı xatirələrimiz çoxdur, hər dəfə oturub onunla dil barəsində danışardıq, maraqlı müzakirələrimiz olardı. Elşən hər dəfə arxeoloq olmaq xəyalından danışardı. Bu sahədə çoxlu qazıntılarda, konfranslarda da iştirak edirdi və hər dəfə gəlib maraqla danışardı. Eyni zamanda silahlara da çox həvəsli idi. Deyərdim ki, haqqında bilmədiyi silah növü yox idi, hər dəfə söhbət edəndə onlar haqqında çoxlu danışardı. Elşən bir gün müxtəlif silahların nümayiş olunacağı bir sərgi elanı ilə qarşılaşmışdı və onun necə həvəslə "Lamiyə, Lamiyə, gör nə tapdım, bu sərgiyə mütləq gedəcəyəm” deməyini unutmuram. Çox yaxşı xatırlayıram, sərgidən gələndən sonra bizə gördükləri haqqında həvəslə danışmışdı”.
Qrup yoldaşı Hüseyn Elşəni yaddaqalan edən bir çox xüsusiyyətlərin olduğunu deyir:
"Aktiv biri idi, bütün maraqlı, öyrədici nə var idisə, qoşulurdu. Maraqlı, dünyagörüşlü, savadlı insan idi. Elşəni "arxeologiyanın atası” adlandırmaq olardı. Çünki bu sahədə təhsil almaqla yanaşı, çox dərindən maraqlanırdı, işini çox sevirdi. Göstəriciləri həmişə əla olurdu. Dünyagörüşü, bilikləri ilə həmişə hamıya dəstək olub”.
"Onun işlədiyi "Sudoku”nu evdə saxlayıram” Elə hərbi xidmət dövründə də onu tanıyanların yaddaşında iz buraxa bilib. Onunla hərbidə ünsiyyətdə olanlardan biri də Emil Ruhdelsoydur. Emilin də Elşənlə bağlı xatirələri çoxdur:
"Elşəni tanıyandan bir müddət sonra münasibətimiz yarandı. Onu mədəni, dünyagörüşü yüksək olan biri kimi tanıdım. Olduğumuz hərbi hissədə bir neçə nəfər idik ki, daim söhbətimiz tuturdu, fikirlərimiz üst-üstə düşürdü. Amma Elşənin səs tonu, ləhcəsi, yumoru hamını susdurub onu dinləməyə vadar edirdi. Cavan Zeynallıya xas səs tonu var idi, arada bunu özünə deyib zarafatlaşırdıq.
Asudə vaxtımızda həmişə kitab oxuyurduq. Elşənə, janrından asılı olmayaraq roman və ya bu tip kitablar maraqsız gəlirdi. Deyirdi ki, onları oxumaq, nə isə nəticə çıxarmaq olar, amma xarici dil kitabları, ya da yeni lüğət oxumaq daha maraqlıdır. Bununla belə, "Yalnızlıqdan şizofreniyaya" romanını ona sevdirmişdim. Bir neçə dil bilirdi. Bu dillərin xarici mənbələrdən bilik əldə etmək, əcnəbilərlə münasibətdə olmaq, dünyagörüşünü artırmaq cəhətdən onun üçün açar olduğunu deyirdi. "Sudoku” həvəskarı olduğum üçün cibimdə daim "Sudoku” list olub. Bəzən məndən istəyib yazıb-pozurdu. Onun işlədiyi "Sudoku”nu evdə saxlayıram”.
Emil qeyd etdi ki, xidməti zərurətlə əlaqədar bir müddət sonra yolları ayrılır, xidmətlərini fərqli hərbi hissələrdə davam etdirirlər. Amma bir gün mütləq görüşməyə söz veribmişlər: "Hərbi hissəmizi dəyişən vaxt Elşənlə yaxın dostluğumuza görə, əlaqə nömrələrimizi bir-birimizə verdik, mütləq görüşəcəyimizi bildirdik. Müharibə başladı "Vətən sağ olsun” deyib döyüşə yollandıq, müharibəni uğurla bitirdik. Vətəni sağaltdıq, amma Elşən bu döyüşdən sağ qayıtmadı. Onunla ortaq olan dostumla danışarkən, Elşənin şəhidlik zirvəsinə ucaldığını öyrəndim”.
Elşənlə bağlı edilən paylaşımlarda qeyd olunur ki, yaşasaydı, bu gəncimizi nəinki Azərbaycanda, hətta beynəlxalq səviyyədə parlaq elmi gələcək gözləyirdi. Bəli, istəsəydi, çalışardı və edərdi. Amma o, düşmən tapdağında olan torpaqların azad edilməsi uğrunda canından keçdi, qəhrəmanlıqla şəhid oldu.
Qeyd edək ki, Elşən Salayev ölümündən sonra
"Vətən uğrunda” medalı ilə təltif olunub.