Rüstəm 1998-ci ilin avqust ayının 10-da, Səbuhi isə 1982-ci ilin oktyabr ayının 21-də dünyaya gəlib.
Rüstəm orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb.
İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, qulluğa başlayıb, sentyabrın 27-dən də döyüşlərə atılıb…Və qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.
Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.
Bacısı Könülün ilk- qız övladı dünyaya gələn gün-noyabrın 7-də Rüstəmin Şəhidliyi təsdiqlənib, ailəsinə, anasına-Aynur xanıma xəbər verilib…Ancaq bu acı xəbər bacısından gizlədilib…
Noyabrın 22-də isə Şəhidimizin nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb…
Oğlu əsgərlikdə olarkən cavan həyat yoldaşını itirən Aynur xanım sonra həyatının ikinci-ən böyük zərbəsini alıb, övladını itirib.
Sözlə ifadəsi belə çətindir.
Şəhid anasının dediklərindən:
“Oğlum çox sevinirdi ki, dayı olacaq, deyirdi ki, dayı olacağam eyy…Sevinci hədsiz-hüdudsuz idi, yerə-göyə sığmırdı…Amma bacısının övladını görmək oğluma nəsib olmadı…Nəvəm olan gün xəbər verildi ki, oğlumun Şəhidliyi artıq təsdiqlənib (Gözləri dolur)…Nə deyim, həyatdır…Oğlum əsgərlikdə olarkən həyat yoldaşımı vaxtsız itirdim, onun acısı soyumamış, bitməmiş, İkinci Vətən Müharibəsində də oğlumu itirdim…Dözmək çətin olsa da, dözürəm…”.
Şəhidimiz ölümündən sonra Ali Baş Komandan tərəfindən iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.