2021/09/nec-1632383218.jpg

line
Adı: Sarkayev
Soyadı: Nəcməddin
Ata adı: Əli
Doğum tarixi: 09.10.1999
Şəhid olub: 05.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Nəcməddin Əli oğlu Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 2006-2017-ci illərdə N.Davudov adına 1 saylı Şərif kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Nəcməddin Sarkayev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət göstərib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Nəcməddin Sarkayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nəcməddin Sarkayev noyabrın 5-də Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şərif kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

**
Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.

Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi. Belə gənclərdən biri də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan Sarkayev Nəcməddin Əli oğlu idi.

Ailədəki üç övladdan evin sonbeşiyi olan Nəcməddin 2017–2019-cu illərdə Tərtər rayonunda N saylı hərbi hissədə hərbi xidmət keçmişdi. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıdakı iri ticarət mərkəzlərindən birinin təhlükəsizliyini təmin edən “Sabit Mühafizə Xidməti” MMC-də mühafizəçi olaraq işləyən Nəcməddin kollektiv arasında səmimiyyəti, mehribançılığı və işgüzarlığına görə hər kəsin hörmətini qazanmışdı.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yola düşdü. Döyüşlərin birində yaralandı. Müalicəsi bitər-bitməz yenidən cəbhə xəttinə, torpaqlarımızı işğaldan azad edən döyüş yoldaşlarının yanına yollandı. Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Nəcməddin Sarkayev doğulduğu Balakən rayonuna şəhid kimi qayıtdı.

Şəhidlik əbədiyyət zirvəsidir. Nəcməddin Sarkayev artıq doğma kəndinin, rayonunun deyil, bütün Azərbaycanın qəhrəman oğludur. Onun əziz xatirəsi çalışdığı kollektivdə də daim ehtiramla yad ediləcək. İş yoldaşlarının şəhid olması xəbərini üzüntü ilə qarşılayan kollektivin hər bir üzvü eyni zamanda belə cəsur, vətənsevər bir gənclə qısa müddət də olsa bir yerdə çalışdıqları üçün qürur hissi keçirirlər.

Nəcməddin Sarkayev yağı düşmən üzərində Qələbəni görə bilməsə də, bu gün ruhu şaddır. Çünki Vətən torpağı şəhidləri ilə ucalır.