Afərin Müqəddəs oğlu Qulamzadə 13 iyul 1999-cu ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Afərin Qulamzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 3 noyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 19 noyabr 2020-ci ildə torpağa tapşırılmışdır.
Lənkəran rayonunun Mamusta kəndində 1999-cu il iyulun 13-də dünyaya göz açan Afərin Qulamzadə Müzəffər Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və şəhidlik zirvəsinə yüksələn oğullarımızdandır. Füzuli əməliyyatlarından başlayaraq Xocavənd döyüşlərində iştirak edən cəsur döyüşçü düşmənin çoxlu sayda canlı qüvvəsinin məhvində yaxından iştirak edib. Füzuli istiqamətində yaralı komandirini döyüş meydanından çıxararkən özü də ayağından yaralanan Afərin 3 gün hərbi hospitalda müalicə alsa da, ailəsinə bu barədə bir söz demir. Sağalar–sağalmaz döyüş meydanına, silahdaşlarının yanına qayıdır. Şəhid Afərinin anası Təranə xanım deyir ki, oğlu ilə sonuncu dəfə ötən ilin noyabrın əvvəlində danışıb: “Hər şey yaxşıdır. Məndən nigaran qalmayın. Biz düşmənin üzərinə gedib, onları torpaqlarımızdan qovuruq”, - dedi. Noyabrın 2-i son dəfə bizlə danışanda dedi ki, ana, mən elə rahat yer tapmışam. Məndə əvvəl başa düşmədim, rahat yer dediyi nədir. Sən demə, rahat yeri cənnəti deyirmiş”.
Şəhidin atası Müqəddəs Qulamov oğlu ilə fəxr etdiyini deyir: “Oğlum Vətəninə çox bağlı idi. Elə bu istəyinin arxasınca gedərək qəhrəmancasına şəhid oldu. Azərbaycan Ordusu ilə fəxr edirəm. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.