Ali Baş Komandanın iradəsinə söykənərək döyüşə yollanan qəhrəman əsgərlərimizdən biri də Cəfərli Əmrah Yusif oğludur.
22 yanvar, 1997-ci ildə Lənkəran rayonunun Şirinquyu kəndində dünyaya gələn Əmrah ailəsinin ikinci övladı olub. O, Hərbi Komissarlığın nəzdindəki sürücülük məktəbini bitirmişdi. Yük maşını sürücüsü idi.
Əmrahın ən böyük arzusu hərbçi olaraq Qarabağı azad etmək imiş, hətta bu arzusunu sinif yoldaşlarının xatirə dəftərinə də yazıb.
Bu arzu ilə o, Vətən müharibəsi başlamazdan iki ay öncə könüllü olaraq ordu sıralarına yazılıb. Müharibə zamanı Əmrah əsasən Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Əmrah Cəfərli oktyabrın 15-də Xocavənd rayonu uğrunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.
Ölümü ilə ölümsüzlüyü qazanan, böyük qələbəmizdə payı olan Əmrah Cəfərli şəhadətindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı (15.12.2020) ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.