2021/01/Scree-1610278022.jpg

line
Adı: Paşazadə
Soyadı: Cavid
Ata adı: Telman
Doğum tarixi: 27.08.2001
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də Cavid Telman oğlu Paşazadədir. O, 2001-ci ildə Bakının Sulutəpə qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini bacıları ilə birlikdə 217 nömrəli orta məktəbdə alıb.

 Ardınca orta-ixtisas təhsilinə yiyələnsə də, hərbi xidmətə yollanmağa və təhsilinə sonra davam etməyə qərar verib.



Anası Sədaqət Paşazadə orta məktəbdə ondan yaxşı oxumağı tələb edəndə cavabı maraqlı olarmış: “Deyirdim, Cavid, oxu, şəklin vurulsun şərəf lövhəsinə. Qayıdıb deyəndə ki, ana, mənim şəklim məktəbdə ondan da uca yerə vurulacaq, mən dedim sən artıq məktəbi bitirmisən, nə vaxt vurulacaq? İndi uşaqlar çəkib göndərəndə düşünürəm ki, Cavid özü bunu mənə demişdi”.



Atası Telman Paşayev bu sözlərin mənasını indi başa düşdüklərini deyir: “İndi analiz edirik ki, hadisələr bizə ipucu verirmiş, bilməmişik. Heç özü də yəqin ki, bilmirdi. Düşünülməmiş sözlər var idi. Amma məgərsə dedizdirirmiş, Allah bizi buna hazırlayırmış”.



Hərbi xidmətə çağırılanda bacısı Xədicə ilə zarafatı da Qarabağla bağlı olubmuş: “Hərbi xidmətə getməmiş internetdən hara düşdüyünü öyrənməli idi. Mən də dərsdə idim, düşünürdüm ki, görəsən, hara düşüb? Dərsdən gələndə küçədə məni görüb gülümsədi ki, Qarabağa düşmüşəm. O torpaqların işğal altında olduğunu bildiyim üçün təəccüblü gəldi mənə, sonra bildim ki, zarafat edirmiş. O, bizə elə münasibət göstərmişdi ki, biz elə bilirdik o toxunulmazdır. Ona heç nə olmayacaq, həmişə yanımızda duracaq”.


Anasının sözlərinə görə, üç bacının bir qardaşı olan Cavid ailəsi və yoldaşları arasında vətənpərvərliyi ilə diqqət çəkir, tez-tez şəhid olacağına eyham vururdu: “Müharibə başlamazdan bir gün əvvəl mənə zəng etmişdi. Dedi, ana, ola bilər sizinlə əlaqə saxlaya bilməyim, amma sən mənimlə həmişə fəxr edəcəksən. Dedim, ay Cavid, mən onsuz da səninlə fəxr edirəm. Dedi ki, ana, mən olsam da, olmasam da, sən mənimlə fəxr edəcəksən. Onda başa düşmədim, o vaxt müharibənin başladığını bilmirdim”.


Nənəsi Böyükbacı Paşayeva Cavidin itkisi ilə hələ də barışa bilmir: “Üç bacısından heç birini qoymurdu gözündən bir damla yaş axsın. Üç bacının bir qardaşı idi, nəvələrimin içində ən mehribanı idi. Kefim olmadığını hiss edəndə yaxınlaşıb qucaqlayırdı ki, nə olub mənim nənəmə? O qədər insanpərvər, o qədər mehriban. Elə bil o bilirdi ki, ömrü qısadır, ona görə heç kəsi incitmirdi”.


Döyüşlərə Füzuli-Cəbrayıl istiqamətində başlayan Cavid işğaldan azad olunan torpaqların müdafiəsi və mühafizəsi işində aktiv iştirak edir. Telefon danışıqlarında isə atasına narahat olmamağı tövsiyə edir: “Hamıya rahatlıq verirdi. Elə danışırdı ki, hamımız üçün gözlənilməz idi. Səsinin tembrindən də narahatlıq hiss olunmurdu”.


Sonuncu döyüş yeri olan Xocavənddə düşməndən azad olunan əraziləri qorumaq üçün saatlarla mübarizə aparır: “Dörd nəfər postda dörd saat yarım döyüşüblər. Qardaşım onun cənazəsini götürməyə gedəndə komandiri özü deyib. Deyib ki, dörd saatdan artıq qəhrəmancasına döyüşüb, postu təhvil verməyiblər”.


Gənc əsgər oktyabrın 29-da - bacısının doğum günündə evə gələcəyinə söz verir. Elə də olur, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan Cavidin nəşi söz verdiyi gün evlərinə gətirilir.


Onun necə vurulduğunu öyrənən anası bir daha əmin olur ki, şəhidlik əvvəldən oğlunun taleyi imiş: “Yaralı əsgər bizə danışdı ki, oturmuşduq yemək yeməyə. Cavid özü oturmadı, yerini mənə verdi ki, sənə narahat olar, keç bu tərəfə. Yerimizi dəyişəndən heç bir dəqiqə keçmədi ki, minomyot atıldı, mən qolumdan yaralandım, Cavid isə şəhid oldu. Hər gün elə bilirəm yalandır. Aprel ayı gələcək, Cavid də çıxıb gələcək. Hələ də gözləyirəm”.


Qeyd edək ki, şəhid əsgər Cavid Paşazadə ölümündən sonra “Vətən uğrunda" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


memorial.az