Abıyev Vasif Vaqif oğlu 1986-ci il dekabrın 28-də Lənkəran şəhəri Nərimanabad 1 qəsəbəsində anadan olub. Könüllü olaraq ordu sıralarına yazılıb və yeganə övladını anasına əmanət edərək müharibəyə yollanıb.
Füzuli istiqamətində gedən ağır döyüşlərdə ayağından yaralanmasına baxmayaraq geri dönməyib, son nəfəsinə qədər düşmənlə üz-üzə vuruşaraq şücaət göstərib.Yalnız bir dəfə oktyabrın 3-ü oğlu ilə telefonla danışıb.
Yaxınlarının sözlərinə görə, oktyabrın 3-dən bu yana ondan xəbər ala bilməyiblər. Bir gecə komandiri Vasifi yuxuda görür və şəhid ona yerini göstərərək deyir: "Sən orada yatmısan, mən isə üşüyürəm! Gəl götür məni!" Yuxudan təsirlənən komandir dərhal həmin yerə gedir və Vasifin mübarək nəşini orada tapır.
Abıyev Vasif şanlı tarixə adını qızıl hərflərlə yazaraq oktyabrın 5-i şəhidlik zirvəsinə ucalıb. Dekabrın 1-də yaşadığı yerə gətirilərək dəfn edilib.
Qəhrəman əsgər ölümündən sonra “Vətən uğrunda” , "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.