2021/01/Scree-1610275672.jpg

line
Adı: Abdullayev
Soyadı: Şəhriyar
Ata adı: Kamil
Doğum tarixi: 02.03.1987
Şəhid olub: 13.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Hərbçi yoldaşları deyirdilər ki, hələ müharibə başlamazdan əvvəl keçirilən təlim kurslarında iştirak etmək istəməyib ki, birdən müharibə başlayar, təlimlərdə olar, iştirak edə bilməz. O, hərbi xidmətini də öz istəyilə ön cəbhədə çəkib.

"Həmişə deyirdi ki, "mən burada qisasımızı ermənilərdən istədiyim kimi ala bilmirəm. Müharibənin başlamasını və özünün orada iştirak etməsini arzulayırdı". Bunu 33 yaşlı şəhid Şəhriyar Abdullayevin qardaşı Tural Abdullayev deyib.


Onun sözlərinə görə, qardaşı hərbi xidmətini başa vurduqdan sonra atası onun polis orqanlarında işə düzəlməsini istəyib. Ş.Abdullayev sənədlərini verdikdən sonra polis orqanlarına işə qəbul olunsa da, son anda fikrindən daşınıb: "Atamdan xəbərsiz sənədlərini götürüb Xüsusi Təyinatlı Qüvvələrə qəbul üçün verdi. XTQ-yə qəbul oldu və 2012-ci ildən orada gizir kimi çalışmağa başladı".

T.Abdullayev qeyd edib ki, qardaşı Ş.Abdullayev 2016-cı ilin Aprel döyüşlərində də fəal iştirak edib. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə general-leytenant Hikmət Mirzəyev tərəfindən medal və diplomla təltif edilib.



Qardaşının II Qarabağ müharibəsinin başlanıldığı ilk gündən döyüş bölgəsinin qaynar nöqtələrində vuruşduğunu deyən T.Abdullayev qeyd edib ki, o, Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. Hadrut alındıqdan sonra buradakı yüksəkliklərdə aparılan döyüşlərdə qəhrəmancasına həlak olub: "Döyüş yoldaşları deyirdilər ki, oktyabrın 9-10-da 50-dən çox ermənini məhv edib. Oktyabrın 13-də isə ermənilərin atdığı snayper nəticəsində başından yaralanaraq şəhid olub".

Onun 4 və 5 yaşlarında iki qız övladı bizə əmanət qalıb.

* * *

2021-ci ilin sentyabrında Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Şəhriyar Abdullayevin qızı Zəhra Abdullazədə birinci sinfə gedib. Şəhriyar qızının Sumqayıt şəhəri 28 saylı tam orta məktəbdə oxumasını istəyirdi. 2020-ci ilin sentyabrın 24-də Zəhranın sənədlərini məktəbə gətirərək, məktəbəqədər hazırlığa yazdırmışdı. Qızına isə deymişdi ki, "məktəbə gedəndə deyərsən “Mən qəhrəman Şəhriyarın qızıyam”.
Zəhra məktəbdə darıxmadığını deyir: “Məktəb maraqlıdır, dostlarımla danışıram. Atam mənə deyirdi ki, “atan səni ən birinci məktəbə yazdırdı”. O, əlaçı olmağımı istəyirdi. Çalışacağam ki, yaxşı oxuyum, onun arzusunu reallaşdırım”.


Zəhranı məktəbə gətirən şəhidin xanımı Zülfiyyə Abdullayeva AzVision.az saytına açıqlamasında bu günün qürurverici hiss olduğunu bildirib: “Şəhriyarın qızları ilə bağlı böyük arzuları var idi. Hiss edirəm ki, şəhidimiz bizimlədir. Şəhidimizin yoxluğuna o qədər də pis olmuram. Şəhidlər ölmür və o, qızının yanındadır. Ötən il sənədlərini məktəbə verəndə mənə demişdi ki, “nə olursa-olsun, Zəhranı məktəbdən çıxarma”. Müəlliməsi ilə də danışdı. Zəhranı burada oxudacağam ki, şəhidimin ruhu şad olsun. Balaca qızımı da bu məktəbə yazdırmışam, onunla birlikdə gedəcək. Şəhriyarla sonuncu dəfə danışanda mesaj yazdım ki, müharibədir, hər şey ola bilər, uşaqlarını necə böyütmək istərdin? Mənə səs göndərdi ki, “balaca qızım hərbçi, ya polis, Zəhra da həkim olmalıdır. Nə olursa-olsun onu oxutmalısan”. Mən onun arzularını reallaşdıracam.


İlk dərs günündə Zəhranı atasının döyüş yoldaşları da tək qoymayıblar. Şəhriyarla birlikdə xidmət edən hərbçilər daim Zəhranın yanında olacaqlarını bildiriblər: “Şəhid olan döyüş yoldaşlarımızın balalarının hər birinin məktəbə getməsində iştirak etmək istərdik. Pandemiyaya görə ətraflı iştirak edə bilmədik. Zəhranın atası cismən bizimlə olmasa da, ruhən daim bizimlədir. Şəhriyarın balasının təkcə birinci sinfə getməyində deyil, bundan sonra nələr olacaqsa, daim biz onun ətrafında, yanlarında olacağıq. Biz Şəhriyarla 7 il bir yerdə xidmətdə olmuşuq. Ailəsinə, övladlarına bağlı hərbçi idi və hərbçi adına layiq insan idi. Onun bu mərdliyi, cəsarəti, onu ən uca zirvə olan şəhadətə yüksəltdi. Müharibə zamanı imkan yarananda ailəsi ilə danışmağa çalışardı. Gələndən sonra gözləri dolardı. Nə olduğunu soruşardıq, heç nə deməzdi. Kənardan soruşanda deyirdi ki, “Qızlarım deyir, ata nə zaman gələcəksən? Gələndə mənə, bunu al, onu al”. Dəyərli insan idi”.