Hikmət Şubay oğlu Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açıb. Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 3 il Füzulidə xidmət edib. 2014-cü ildə kapitan hərbi rütbəsi alıb
Azərbaycan Ordusunun kapitanı olan Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 2 oktyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən yaralanıb və reanimasiyaya yerləşdirilib. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbərini eşitdikdən sonra şəhid olub. Ailəli idi, 7 yaşlı oğlu və 2 yaşlı qızı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən kapitan Hikmət Hacıyev ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olmasına görə", "Füzulinin azad olmasına görə" medalları ilə təltif edilib.