İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub.1984-1994-cü illərdə Hirkan qəsəbəsində A.Quliyev adına tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) "Energetika" ixtisasına yiyələnib. Ali Məktəbdə hərbi kafedra da olduğundan, 1998-ci ildə leytenant rütbəsi alıb.
İqbal Bayramov 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən hərbi hissəsində xidmət edib. 2004-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsindəki hərbi hissəsində baş leytenant hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət göstərib. 2005-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qala qəsəbəsində yerləşən TTM-də təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb.
2008-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsinə xidmətini davam edib. 2011-ci ildə mayor hərbi rütbəsi alıb və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində Qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində çalışıb. Daha sonra isə 7 il ərzində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən hərbi hissəsində xidmət edib.
2018-ci il yanvarın 5-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarından ehtiyata buraxılması barədə müraciət edən İqbal Bayramov yanvarın 14-də mayor hərbi rütbəsi ilə ehtiyata buraxılıb.
Azərbaycan Ordusunun mayoru İqbal Bayramov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İqbal Bayramov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Bundan öncə isə o, III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" medalları ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı İqbal Bayramovun qızı “Qafqazinfo” saytına müsahibəsində atası haqqında xatirələrini dilə gətirib:
- Atamla telefonla danışdıq, dedi narahat olma, ata qayıdacaq, hər şey yaxşı olacaq. Torpaqlarımızı geri qaytarandan sonra sizi ora gəzməyə aparacağam. Oktyabrın 5-i, axşamtərəfi hamımız bir yerə yığışmışdıq. Hansı universitetə qəbul olunmağımla bağlı xəbər çıxdı. Ondan 5 dəqiqə sonra isə atamın şəhid xəbəri gəldi...
Şəhid qızı atasının ona aldığı hədiyyədən - boyunbağıdan da danışıb. Bildirib ki, bu, atasının ona sonuncu hədiyyəsidir və həmişə üzərində gəzdirir.