Nurlan Əhliman oğlu Fərəməzov 1 may 1992-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olub. Orta məktəbi Təngərüd kənd tam orta məktəbində bitirib. 2009–2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil alıb. Gədəbəy rayonunda məntəqə tibb xidməti rəisi vəzifəsində işləyib. Daha sonra Tovuzda xidmətinə davam edib. 6 il hərbi həkim kimi çalışıb. Oxuduğu, işlədiyi müddətdə biliyi, zəngin mənəviyyatı, sağlam əqidəsi, vətənpərvərliyi ilə hamının hörmətini qazanıb Nurlan. 6 illik hərbi xidmətdən sonra 2020-ci ilin avqustunda səhhətiylə bağlı hərbi xidmətdən tərxis olunub.
Sentyabrda İkinci Vətən savaşı başlayanda yenicə tərxis olunan Nurlan döyüşə qatılmaya bilərdi. Amma ilk gündən narahat olub. Ailə üzvlərinin sözlərinə görə gözlərinə yuxu getmir. "Mən mütləq döyüşdə olmalıyam” deyir, hərbi komissarlığa müraciət edir və yenidən cəbhəyə yollanır. Azərbaycan Ordusunun tibb xidməti baş leytenantı və hərbi tibb qulluqçusu Nurlan Fərəməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib Oktyabrın 9-da tibb xidmətinin baş leytenantı Nurlan Fərəməzov yaralı hərbçiləri savaş meydanından çıxararkən başının arxa tərəfindən ciddi zədə alır. Buna baxmayaraq son nəfəsinə qədər düşmənlə vuruşub. Çoxlu qan itirib, elə döyüş meydanında əbədiyyətə qovuşub, şəhid olub. Şəhidimiz oktyabrın 10-da doğulduğu kənddə torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Anası Həqiqət xanıma həmişə "ana, narahat olma, mən həkiməm, mənə heç nə olmaz” deyrdi:
"Heç mənə əziyyət verməzdi. Heç kimə əziyyət verməzdi. Hər zəng edəndə "Mən çox yaxşıyam, ana. Hər şey yaxşıdı və daha yaxşı olacaq” deyirdi. Çox qürurlanırdım oğlumla. Ağırdır. Çox ağırdır. Həmişə narahat idim, nəsə içimdə narahatlıq vardı. İndi nə deyim ki? Tərxis olunmuşdu. Getməyə bilərdi. Hər sözü Vətən idi. Ən çox vətəni, torpağı sevirdi. Ona görə "Qala bilmərəm”, dedi. Getdi. Həmişəlik getdi..."
Onunla birlikdə Vətən savaşında olan hərbi həkim Vüqar Ağayev Nurlan haqqında deyir:
"Xidmətə eyni maşında gedirdik. Çox igiliklər göstərən, qəhrəmanca şəhid olan polkovnik-leytenant Naib Orucov da bizimlə idi. Bir həftə eyni otaqda qaldıq. Bir həftədə çox doğmalaşdıq. Həyat dolu gənc idi. Təəssüf edirəm ki, belə keyfiyyətli həkimi, insanı gec tanımışam. Hərbi forma veriləndə də ilk o gedib geyinmişdi. Bir də görürdüm Nurlan yoxdu. Əsgərlərin yanında olurdu bütün günü. Bir-neçə gündən sonra döyüşlərə yollandıq. Elə sevinirdi ki, Vətən savaşında payı olacaq deyə. Püxtələşmiş cavan həkim idi. Çox çevik idi, heç ölümdən qorxmurdu. Heç özünü düşünmürdü. Hara gəldi atılırdı. Hamıya ilkin yardım göstərmək istəyirdi. O qədər yaralı daşıyırdı ki. Halbuki xəstəxanada yaralılarla olmalı idi. O isə səngərlərə, güllə altına gedirdi. Deyirdi "birdən hansı yaralısa qalar, birdən kiminsə ilk yardıma ehtiyac olar”. Nə bilim, sözəgəlməz möcüzə adam idi. Həm həkim, həm də əsgər idi. Sonra ayrılmalı olduq Mən Cəbrayıl, o isə Fizuli istiqamətindəki döyüşlərə getdi. Zəng edirdi, məndən hal-əhval tuturdu. Sonra mən yaralandım. Füzuli hospitalına aparıblar. Özümə gələndə baxdım ki, bir-neçə dəfə zəng vurub. Sonra ondan xəbər çıxmadı. Bacıma zəng vurdum, Nurlanı soruşdum, demədi. Çox ağrılı olsa da, düşündüm ki, şəhid olub, çünki Nurlan sağ olsa hökmən zəng edərdi mənə..."
Şəhidin bacısı Aysel xanım:
"Dayaq idi, dost idi, müdrik idi. Onunla hər mövzuda söhbətləşə bilərdin. Səhhətiylə bağlı tərxis olunandan sonra Almaniyaya getmək, ixtisasını təkmilləşdirmək istəyirdi. Öyrənməkdən yorulmurdu. Uşaqlıqdan mütaliəni sevirdi. Kitab oxumağı, bir də dənizi çox sevirdi. Çox məsuliyyətli idi. Tovuz döyüşlərində də iştirak edib. Əsgərlərə bağlıydı. Hər biri onun üçün qardaş idi, doğma idi. Ona həmişə elə gəlirdi ki, az iş görür, yüksəklərə can atırdı...Şəhidlik imiş..."