Kamran Qılman oğlu Fərəcov 14 yanvar 1978 -ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub. 1984-1995 -ci illərdə Astaradakı 2 nömrəli məktəbdə təhsil alıb. Savadı, məsuliyyəti, davranışı ilə fərqlənib. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktiki Tank Qoşunları komandiri fakültəsinə daxil olub. 1999-cu ildə leytenant kimi məzun olan Fərəcov Bakıda taqım komandiri vəzifəsində xidmətə başlayıb. Sonra Ağdamda, Gəncədə, Goranboyda cəbhə bölgəsində xidmət edib. 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib.
Kamran Fərəcov 2020-ci il sentyabrın 20-dən könüllü təlimlərə qatılıb, şəxsi heyəti döyüşə hazırlayıb. Əsgərlər onu özlərinə dayaq bilir, inanır, ondan güc alır, güvənirdilər. Azərbaycan Ordusunun kapitanı Kamran Fərəcov peşəkar zabit kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əsgərləri onu qorxmaz, cəsur komandir kimi tanıyıb. Onun qorxmazlığı heyranediciydi. Özü canavar kimi idi, əsgərlərə də hər an "canavarlarım, bütün torpaqlarımızı azad edəcəyik. Qarabağı azad edəcəyik!” , deyirmiş. K.Fərəcov peşənin də, vəzifənin də gözəlini seçmişdi. Ölümün də gözəlini, alisini seçdi. Kamran Fərəcov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid oldu. Astara rayonunda dəfn edilib.
Ailəli idi, 2 əkiz qızı - Dəniz və Şəmsi yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
"Onu tələbəlik illərindən tanıyıram. Mən 1998-ci ildə, Kamran 1999-cu ildə təhsilini başa vurub. Eyni hissədə Pereküşküldə leytenant kimi hərbi xidmət etmişik. Hərbçiyik, əmrə tabeyik. Sonra başqa-başqa hissələrdə qulluq etmişik. Amma ailəvi dostluğumuz olub. Çox doğmaydı Kamran. Çox savadlı, peşəkar idi, çox. Cəsur idi. Əsgərlərinə dost, qardaş, ata kimi davranırdı.Səhhətiylə bağlı ehtiyata buraxılmışdı. Döyüşə könüllü qatıldı. Kamran kimi vətənpərvər oğul, zabit üçün, hər namuslu vətəndaş üçün vətən yolunda şəhid olmaq şərəfdir” - polkovnik-leytenant Kazımov Rəşad tələbəlik dostundan fəxrlə danışır.
"2004-cü ildə ailə qurduq. Bütün hərbi həyatını günəgün yaşamışam. Ağdamda, Gəncədə, Goranboyda... Elə bil mən də hərbçi idim. Qızlarımız olanda evliliyimizdən 10 ildən çox keçmişdi. O qədər gözəl ata idi ki. Ataların da ən gözəli idi Kamran. Hərbçi dostları ilə əlaqəsi vardı həmişə. Müharibə gözlənilirdi. Kamran da "Gedəcəyəm" dedi. "İki qızın var, bronxların xəstədi, ikinci qrup əlilliyin var, getməyə bilərsən”, – dedim. Çox həyacanlandı: "Bunu bir də demə. Məni sındırarsan. Hərbçi dostlarım orda, gənclər...İşğalda torpaqlarımız var. Vətən müharibəsidi bu. Özümü bağışlamaram heç vaxt, bu yüklə yaşaya bilmərəm"... Heç nə deyə bilmədim daha. İndi deyirəm sizə. "Şəhid olsam da eybi yox, Şəhidlik də gözəldir” – dedi sonda. Ləyaqətlə, kişi kimi yaşadı. Gözəl yaşadı, gözəl öldü... Vətən üçün - özü istədiyi kimi... Ölümün də gözəlini seçdi..." , şəhid kapitanın xanımı Nuranə müəllimə göz yaşlarına hakim ola bilmir.