2021/01/16070-1610276074.jpg

line
Adı: Quliyev
Soyadı: Nofəl
Ata adı: İlham
Doğum tarixi: 11.06.1994
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
"Oğlum sentyabrın 29-da vətənimizi qorumağa, hərbiyə çağırıldı. Həmin gün çox sevinirdi. Çünki, daima vətən üçün nəsə etməyə can atırdı. Çox ağıllı, tərbiyəli idi".

Bu sözləri Cəbrayıl istiqamətində qəhrəmancasına şəhid olan 26 yaşlı Nofəl Quliyevin atası İlham Quliyev deyib.

Şəhidimizin atası oğlundan gözüyaşlı, amma qürurla danışıb: "Oğlum ali təhsilli idi. Çox vətənpərvər olub. Ən böyük arzusu Şuşaya ücrəngli bayrağımızı sancmaq idi. Deyirdi ki, ata, mən onu edəcəm. O, vətənini çox sevirdi. Gedəndə də ona müdaxilə etmədik. Oğlum baş qumbaraatan olub. Hər zaman telefonla danışanda bizi rahatlaşdırırdı ki, hər şey yaxşı olacaq, məndən nigaran qalmayın. İnşallah tezliklə qələbə çalıb qayıdacağıq. Narahat olmayın, mən tək deyiləm, heç kimdən də artıq deyiləm. Mən mütləq burda olmalıydım. Heç vaxt mənim üçün ağlamayın. Amma sonuncu danışığımızda məndən halallıq istədi. Oktyabrın 14-də danışdıq dedi ki, mən yaxşıyam, narahat olma, amma ata, haqqını halal et çünki hər şey ola bilər. Sonra bir gün sonra yenə danışdıq. Amma 15-dən sonra oğlumun zəngləri kəsildi".

Quliyev bildirib ki, Nofəldən başqa daha iki oğlu hazırda hərbi xidmətdədir: "Beş övladım var. Dörd oğlum, bir qızım. İki oğlum hazırda xidmətdədirlər, dğyüşlərdə iştirak etdilər, amma Nofəlim getdi. (ağlayır)  Oktyabrın 27-si Cəbrayıl istiqamətində yaralandı, daha sonra isə şəhid oldu. Allahım digər övladlarımı mənə bağışlasın".

Şəhidimizin atası oğlunun şəhid olma xəbərini eşitdiyi o günü belə xatırlayır: "Oğlum yaralı idi. Onu Bakıya, Papanin hərbi hospitalına gətizdirdilər. Müalicə olunurdu, onun sağ qalacağına o qədər inanırdıq, amma alınmadı. Həkimlər onun üzərində çox çalışdılar, amma yaşada bilmədilər. Oğlum həyatda qala bilmədi. Yaraları çox ağır idi, çox çırpınırdı. Bu barədə danışmaq mənim üçün çox çətindir. Allah heç bir valideynə belə acı mənzərəni, övladını elə dəhşətli vəziyyətdə görməyı nəsib etməsin". 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Nofəl Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhid, həmçinin " Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.